Ana səhifə / Səhabələr / İmam Hüseyn / Kərbəla faciəsi

Kərbəla faciəsi

Kərbəla faciəsi

 

Hicrətin 60-cı ilində İraq əhli Hüseynin Yezid ibn Müaviyəyə be­yət1 etmədiyindən xəbər tutduqda Hüsey­nin yanına nümayəndələr və məktublar göndərib yalnız ona beyət edəcəklərini, Yezi­di, onun atasını, Osmanı, Öməri və Əbu Bəkri yox, məhz Əlini və onun övladlarını istədiklərini bildirdilər. Bu ərə­fədə Hüseynə beş yüzdən artıq məktub gəlmişdi. Belə olduqda həzrəti Hüseyn iş­ləri yoluna qoymaq, beyətin həqiqət olub-olmadığını öy­rənmək və bu haqda ona ətraflı məlumat göndərmək məqsədilə öz əmisi oğlu Muslim ibn Əqili onların yanına göndərdi. Muslim ibn Əqil dostları – Abdurrəhman ibn Abdullah əl-Ərhəbi, Qeys ibn Mishər əs-Səydavi və İmarə ibn Ubeyd əs-Səluli ilə birlikdə Kufəyə yollandı. Mədinəyə yetişdikdə Muslim özlərinə iki bələdçi tutdu. Yolda üzləşdikləri çətinliklərdən dolayı Muslim Hüsey­nə məktub yazıb geri qayıtmaq üçün izn istədi, lakin Hüseyn buna razılıq vermədi və israr edib ondan Kufəyə getməyini tələb etdi.2 Muslim Kufəyə gəlib çatdıqda Mux­tar ibn Əbu Ubeydin evində qonaq qaldı. Lakin ibn Ziya­dın Kufəyə gəldiyini eşitdikdə Hani ibn Urvanın evinə getdi. Nəhayət, Muslim camaatın Hüseynə beyət etmək istədiyini yəqin etdi. Beləliklə, on iki min nəfər Hüseynə sadiq qalacaq­larını bildirmək məqsədilə Hani ibn Urva­nın evində Muslimə beyət etdi­lər. Beyətdən sonra Muslim ibn Əqil Hüseynə mək­tub göndərdi. Mək­tubda deyilirdi: “Bunlar yalan danışmır­lar. Kufəlilərin hamısı sənin tərə­fin­dədir. Məktubum sənə çatan kimi durma gəl!” Bu söz­lər­dən sonra Hüseyn kufə­lilərin ona sadiq qalacaq­larını yə­qin etdi və Kufə əhlinə belə bir məktub yazdı:

– Mən əhli-beytimdən etibar elədiyim əmim oğlunu sizin yanınıza göndərmişdim ki, sizin fikrinizi öy­rənib mə­nə bir xəbər yollasın. O da sizin eyni fikirdə olduğunuzu mənə bildirdi. İnşallah mən də sizə qovuşa­cağam.”3

Bu beyətdən xəbər tutan Kufə valisi Nomən ibn Bə­şir əl-Ənsari vəziyyətin gərginləşəcəyini başa düşdü və camaatın qarşısına çıxıb belə bir xütbə verdi:

– Allahdan qorxun, ey Allahın qulları! Fitnə-fəsad törətməkdən və firqələrə bölünməkdən çəkinin! Çünki belə  hadisələrdə kişilər öldürülür, qan su yerinə axır və kimlərinsə varı-dövləti qəsb edilir. Mənə gəlincə, bilin ki, mənə qarşı vuruşmayanlarla mən vuruşmayacağam, mənə hücum etməyənə mən hücum etməyəcəyəm. Ha­belə sizinlə dilləşməyəcəyəm və sizə sataşmayacağam. Həmçinin heç kəsə nifrət bəsləməyəcəyəm, heç kəsin ba­rəsində pis zənn etməyəcəyəm və heç kəsi ittiham etmə­yəcəyəm. Yox əgər mənə pis münasibət göstərsəniz, be­yətdən boyun qaçırsanız və əmirə müxalif olsanız, bi­lin ki, Özündən başqa məbud olmayan Allaha and olsun ki, qılıncımı götürüb son nəfəsədək sizinlə vuruşacağam. Mən istəyirəm ki, aranızdan haqqı bilənlərin sayı batili dəstəkləyənlərdən daha çox olsun!”4

Əməvilərdən Abdullah ibn Muslim əl-Həd­rəmi bu xütbəni eşidəndən sonra Nomən ibn Bəşi­rin yanına gəlib ona etirazını bildirdi və dedi: “Belə xüt­bə iradəsi zəif olan­lara məxsusdur. Sən onlara öz gücü­nü göstərməlisən”. La­kin Nomən ibn Bəşir ((sallallahu aleyhi və səlləm)adiyallahu anhu) onun bu təklifini rədd etdi.5

Nomənin bu mövqeyi Yezidin xoşuna gəlmədi və onu tutduğu vəzifədən azad etdi, yerinə də Ubeydullah ibn Ziyadı təyin etdi, üstəlik ona belə bir məktub yazdı: “Adamlarım mənə xəbər göndərmişlər ki, ibn Əqil Ku­fədə camaatı başına yığmış və müsəlmanları parçalamaq fikrinə düşmüşdür. Məktubum sənə çatan kimi Kufə əhli­nin yanına get və onlardan ibn Əqili sənə təslim etməyi tələb et. Onun qarşısını almaq üçün əlindən gələni et....”6 Məktub ibn Ziyada çatan kimi o, qardaşı Osmanı öz yeri­nə (Bəsrəyə) vali təyin etdi, sonra da özü ilə bir dəstə adam götürüb Kufəyə yollandı.7 Ubeydullah ibn Ziyad Kufəyə gəldikdən sonra öz casuslarını hər tərəfə yollayıb Muslim ibn Əqil barəsində xəbər toplamağa başladı. O, Şam əhlin­dən olan Məqəl adlı birisinə üç min dirhəm verib dedi: “Al bu pulu, get Muslim ibn Əqili tap!” Mə­qəl pulu götü­rüb məscidə gedib namaz qılan bir nəfərin yanına gəldi. Adam namazını qılıb qurtardıqdan sonra Məqəl ona yaxın­laşıb dedi: “Qurbanın olum, mən Şam əhlindənəm, filan­kəsin mövlasıyam. Allah mənə Rəsu­lullahın (sallallahu aleyhi və səlləm) əhli-beyti­ni sevməyi, habelə onları sevənləri də sevməyi nəsib edib. Bu üç min dirhəmi əhli-beytdən olan birisinə hədiyyə et­mək istəyirəm. Eşitmişəm ki, Hüseyn ibn Əlinin yaxınla­rından biri bu məmləkətə təş­rif buyurub. Bəlkə onun yeri­ni mənə deyəsən, bu pulu ona verim, o da onu öz ehtiyac­larına sərf eləsin”. Adam dedi: “Nə üçün sən bu məsciddə məhz mə­nə yaxınlaşdın?” Məqəl dedi: “Çünki sənin üzün­dən xeyir­xahlıq yağır, sən əhli-beytə yaxın olan adama oxşayır­san”. Adam dedi: “Vay sənin halına! Sən artıq özünü ifşa elədin. Mən səni tanı­yıram, bilirəm nə üçün gəlmisən.” Məqəl ona yalvarıb bu haqda heç yerdə danış­mamağı xa­hiş etdi və oradan uzaqlaşdı. Nəhayət, o, Mus­lim ibn Əqi­li tapdı və onun məclisində iştirak etmək ona müyəssər oldu. O, axşama qədər məclisdə oturub oradakı söhbətləri dinlədi, sonra da Ubeydullah ibn Ziyadın yanı­na gedib onların məq­sədlərini ona bildirdi. Beləliklə, ibn Ziyad Muslimin Ha­ni ibn Urva­nın evində qaldığını, öz tərəfdar­ları ilə məhz orada yığışdıqlarını öyrəndi.8 Bun­dan sonra ibn Ziyad Muhəmməd ibn Əşəsi və Əsma ibn Xaricəni yanına çağ­ırıb onlardan Hani barədə xəbər aldı. Sonra on­lar­dan Hanini onun yanına gətirməyi tələb etdi. Onlar da Hani­nin yanına gedib onu ibn Ziyadın yanına gətirdilər. İbn Ziyad onu görəndə dedi: “Sən Muslim ibn Əqili öz evinə gətirmisən, üstəlik camaatı da ora yığmısan ki, ona beyət etsinlər?!” Hani dedi: “Mən belə bir iş tut­mamışam və bunlardan xəbərim yoxdur”. Onda ibn Zi­yad Məqəli çağırtdırdı. Məqəl onun yanına daxil olduqda ibn Ziyad Haniyə dedi: “Bunu tanıyırsan?” Hani bu ada­mın casus olduğunu anladıqda ibn Ziyada dedi: “Düz de­yirsiniz, ya əmir. Amma mən Muslimi evimə dəvət et­məmişdim, onun hansı yolla mənim evimə gəldiyindən də xəbərim yoxdur. İzn ver gedim onu evimdən çıxar­dım!” İbn Zi­yad dedi: “Xeyr, sən onu mənim yanıma gətirmə­lisən.” Hani dedi: “Qonağımı sənə təslim etmək mənə yaraşar­mı? Val­lahi, mən bunu etməyəcəyəm”. İbn Ziyad əlində­ki ağacla Haninin üzünə vurdu və onun üz-gözünü al-qana boyadı, sonra da onu zindana atdırdı.9

Muslim ibn Əqil Haninin ələ keçdiyindən xəbər tut­duqda beyət edən adamların hamısını bir yerə topladı. Bu minvalla kufəlilərdən dörd min nəfər onun ətrafına toplaşdı. Muslim dörd minlik ordu ilə ibn Ziyadın qəsri­nə yaxınlaşdı və onu mühasirəyə aldı. Bundan xəbər tu­tan Ubeydul­lah ibn Ziyad kufəlilərin ziyalılarını onların qarşısına çıxartdı. Ziyalılar onları Şam ordusu ilə qorxut­mağa başla­dılar, üstə­lik şirnikləndirdilər də. Hətta beyət edənlərin qadınları da məsələyə müdaxilə edib Muslim­dən uzaq durmağı onlara nəsihət edirdilər. Bu təhdidlər­dən və vədlər­dən son­ra camaat Muslimin ətrafından dağılışıb getməyə başladı və axırda onun yanında cəmi üç yüz nəfər adam qaldı. Günba­tana yaxın isə artıq Mus­lim ibn Əqil tək qalmışdı.10 Bundan sonra Muslim ibn Əqil bir qadının evində sığınacaq tapdı. Qadının oğlu Muhəmməd ibn Əşəsin mövlası idi. Odur ki, dərhal ge­dib onun yerini Muhəmmədə xəbər verdi. Muhəm­məd də öz növbəsində bunu ibn Ziyada bildirdi. İbn Zi­yad da öz adamlarını onun dalınca göndərdi. İbn Ziya­dın adam­ları Muslimi tutub aparanda o ağlamağa başla­dı. İbn Ziyadın adamları ona: “Sənin kimi adam gərək ağla­ma­sın”- deyəndə, Muslim dedi: “Vallahi, mən özü­mə görə ağlamıram. Mən Kufəyə üz tutmuş Hüseynə və onun əhli-beytinə görə ağlayıram”. Bunu deyəndən son­ra Mus­­lim Muhəmməd ibn Əşəsdən Hüseynə mək­tub göndər­mək üçün izn istədi. Muhəmməd də İyas ibn Ab­bası yanına çağırıb Muslimin məktubunu Hüsey­nə çat­dırma­ğı ona tapşırdı. Məktubda deyi­lirdi:

– (Ya Hüseyn!) Ailənlə birgə geri qayıt! Qoy kufəli­lər səni aldat­masın! Çünki onlar sənə də, mənə də yalan söyləmişlər. Yalan­çının isə qəti qərarı ola bilməz!”11

Bundan sonra Muslimi ibn Ziyadın yanına gətirdi­lər və ibn Ziyad ona: “Mən səni edam edəcəyəm”- dedi.  Muslim dedi: “Elə isə izn ver yaxınlarıma vəsiyyət edim.” İbn Ziyad ona izn verdikdən sonra o, ibn Ziyadın yanın­da oturan Ömər ibn Səd ibn Əbu Vəqqası bir kənara çəkib dedi: “Ey Ömər! Kufəlilərdən birisinə mə­nim yeddi yüz dirhəm borcum var, bunu ödəyə bilərsən­sə, ödə.12 Mən öləndən sonra meyidimi Hüseynə gön­dər...” Ömər onun dediklərini ibn Ziyada bildirdi və ibn Ziyad buna etiraz etmədi. Sonra Muslimi edam etmək üçün onu qəs­rin kəl­ləsinə qaldırdılar. Qalxa-qalxa o, “Allahu Əkbər”,13 “Lə ilahə illəllah”,14 “Sübhanəllah”,15 “Əstəğfirul­lah”16 de­yir və belə dua edirdi: “Allahım, bizimlə bizi aldadan və bizi qoyub qaçan tayfa arasında Sən Özün hökm ver!” Nəha­yət, qəsrin kəl­ləsinə çatdıqda Bəkir ibn Həm­ran adlı biri­si onun boynu­nu vurdu, başını bədənindən ayırdı. Beləliklə də, Ərafa günü Muslim ibn Əqili qətlə yetirdilər.17

Buna rəğmən sərtürəkli, əzazil, zalım ibn Ziyadın ürəyi soyumadı, üstəlik Hani ibn Urvanın qətlinə də hökm verdi. Hanini bazara gətirib qəbiləsinin gözü qabağında edam etdilər. Sonra hər ikisinin cəsədini bazarın girəcə­yi­nə, insanların gözü önünə asdılar. Bun­dan sonra Mus­limə kömək edən daha iki nəfəri də edam­ edib həmin yerdən asdılar.18

Hicrətin 60-cı ilində tərviyə günü (zilhiccənin 8-i) Hüseyn öz yaxınları və altmışa yaxın kufəli ilə Məkkə­dən yola düşdü. Onun bu fik­rindən xəbər tutan Amr ibn Səid ibn As vəziyyətin gərginləşəcəyini başa düşüb öz adamlarını onun yanına göndərdi. Onlar Hüseyni bu fi­kirdən daşınmağa çağırsa­lar da, Hüseyn onların dedik­lə­rini qəbul etmədi. Nəha­yət, Hüseyn əhli-beyti ilə birgə İraqa yollandı. Hüseyn Məkkədən çıxdıqdan sonra Mər­van ibn əl-Həkəm ibn Ziyada məktub yazdı. Məktubda deyilirdi:

– Hüseyn ibn Əli sənin yanına gəlir. Biləsən, o, Fati­mənin oğlu Hüseyndir, Fatimə də Rəsulullahın (sallallahu aleyhi və səlləm) qızıdır. Vallahi ki, Hüseyn bizim üçün hamıdan əzizdir. Bax, nəf­sinə uyub elə iş tutmayasan ki, camaat sənə tənə vur­sun və gələcək nəsillər bundan danışsın. Vəssəlamu aley­kum!19

Amr ibn Səid ibn As da öz məktubunda ibn Ziya­da belə nəsihət etmişdi:

– Hüseyn sənin yanına gəlir. Nəbadə onunla kobud rəftar edəsən.20

Hüseyn yolda Zatu İrq deyilən bir yerdə Fərəzdəq adlı məşhur şairə rast gəldi. Hüseyn ondan kufəlilərin ba­rəsində soruşdu. Fərəzdəq ona kufəlilərin sözlərinin üs­tündə duran adamlar olmadıqlarını bildirdi. Hüseyn ona kufəlilərin yazdıqları məktubları göstərəndə Fərəz­dəq de­di: “Onlar səni qoyub qaçacaqlar. Getmə ora! (Biləsən,) sən qəlbləri (zahirən) səninlə olan, əlləri isə sə­nin əleyhinə qalxacaq bir tayfanın yanına gedirsən.”21

Hüseynin Kufəyə gəlişindən xəbər tutmuş ibn Zi­yad onun qarşısını almaq üçün tədbir görməyə başladı. Əv­vəlcə öz tərəfdarlarını bir yerə yığdı. Sonra onlara Hüseyni dəs­təkləyən hər kəsi tutub onun yanına gətir­məyi əmr et­di. Belə etməklə ibn Ziyad Hüseynin kufəli­lərlə bütün əla­qə­lərini kəsmək niyyətində idi.22 Biçarə Hüseynin bütün bunlardan xəbəri yox idi. Hüseyn Haciz deyilən yerə gəlib çatdıqda kufəlilərə bir məktub yazdı və onu Qeys ibn Səydavi ilə Kufəyə yolladı. Lakin Qeys Qadisiyyəyə gəlib çatdıqda Huseyn ibn Təmim öz adam­ları ilə birgə onun qabağını kəsdilər və onu tutub ibn Ziyadın yanına göndər­dilər. O da dərhal onu edam et­dirdi.23 Sonra Hü­seyn başqa bir adamını Muslimin yanına göndərdi. İbn Ziyad onu da tutub öldürdü. Bədəvilər Hüseynə xə­bər verdilər ki, ibn Ziyadın əsgər­ləri heç kəsi Kufəyə burax­mır və heç kəsə də Kufədən çıxmağa izn vermirlər. Nəhayət, o, Muslim ibn Əqilin və Hani ibn Urvanın öl­dürüldüyündən, üstəlik kufəlilərin ona xəya­nət etdiklə­rindən xəbər tutduqda ət­ra­fındakıla­ra dedi: “Kim çıxıb getmək istəyirsə, qoy get­sin”. Kufəli­lər o saat dağılışıb getdilər, yanında qalanlar isə ona dedilər: “Səni and ve­ririk Allaha, qayıt geri. Kufə­də heç kəs sənə kö­mək et­məyəcək, heç kəs səni dəstək­ləmə­yəcək, əksinə, qorxu­ruq onlar sənin əleyhinə çıxsın­lar.”24

Hüseyn hələ yola düşmək istəyərkən bəzi səhabələr və yaxınları ona Məkkədən çıxmamağı nəsihət et­mişdilər:

İbn Ömər Hüseynin Məkkədən çıxdığını eşitdikdə ona yetişib dedi: “Hara gedirsən?” Hüseyn: “İraqa”- de­yə cavab verdi. İbn Ömər dedi: “Getmə onların yanına!” Hüseyn: “Əlimdə onların beyət etdiklərinə dair məktub­ları var”- dedi. İbn Ömər dedi: “Allah Öz Peyğəmbərinə (sallallahu aleyhi və səlləm) axirət və dünya arasında seçim etməyi təklif etdi, o da axirəti seçdi və dünyadan vaz keçdi. Sən də onun bir ciyarparəsisən. Vallahi ki, sizlərdən heç kəs heç vaxt dünyanı qazana bilməz. Allah sizə bundan daha xeyirli­sini nəsib etmişdir. Geri dönün!” Hüseyn qayıtmaq fikri olmadığını bildirəndə ibn Ömər onu qucaqlayıb bağrına basdı və dedi: “Allah köməyin olsun, ey fədai!”25

İbn Ömər həmçinin demişdir: “Hüseyn bizi yendi. Axı, o, atasına və qardaşına olan xəyanəti görmüşdü. Gə­rək heç yerə getməyəydi.”26

İbn Abbas Hüseynin Məkkədən çıxmaq istədiyini bil­dikdə onun yanına gəlib dedi: “Ey əmim oğlu! Camaat sənin İraqa getmək istədiyini danışır. De görüm, sən nə etmək istəyirsən?” Hüseyn dedi: “Yaxın günlərdə bilə­cəksən, inşallah”. İbn Abbas ona dedi: “Əgər dediyin adamlar əmirlərini yıxıb, düşmənləri qovub şəhərə nəza­rət edirlərsə, onların yanına gedə bilərsən. Yox əgər əmirləri sağdırsa və şəhərə məhz onun adamları nəzarət edirlərsə, bil ki, onlar səni fitnəyə çağırırlar. Qorxuram, onların hamısı sənin əleyhinə çıxsın, səni çağıran adam­lar ən qatı düşmənlərinə çevrilsin”. Hüseyn dedi: “Mən istixarə27 edəcəyəm! Baxaq görək nə olur.” İbn Abbas onun qəti qərara gəldiyini hiss etdi deyə, ertəsi gün yenə onun yanına gəlib dedi: “Ey əmim oğlu, mən sənə səbirli olmağı tövsiyə edirəm. Qorxuram, bu yolda həlak ola­san. İraq əhli xain adamlardır. (Ehtiyatlı ol,) səni aldat­masınlar. Onlar düşməni oradan qovub çıxaranadək burada gözlə, onların yanına getmə. Gedirsənsə, Yəmənə get. Orada sənin atanın tərəfdarları var, get onların yanı­na. Sonra kufəlilərə məktub yaz, adamlarını onların ya­nına göndər” Hüseyn dedi: “Ey Əmim oğlu! Mən bili­rəm ki, sən mənə səmimi-qəlbdən nəsihət edirsən. Lakin mən artıq getmək qərarına gəlmişəm”. İbn Abbas dedi: “Elə isə qadınları və uşaqları özünlə aparma. Mən istə­mirəm ki, Osman zövcələrinin və övladlarının gözü önündə qətlə yetirildiyi kimi, sən də öz zövcələrinin və övladlarının gözü önündə qətlə yetiriləsən. Özündən başqa məbud olmayan Allaha and olsun ki, əgər camaat bizə eyib tut­muş olmasaydı sənin saçından tutub səni heç yerə bu­raxmazdım.”28 İbn Abbasın dediklərindən be­lə nəticə çıxır ki, o, şəriət baxımından Hüseynin Yezidə qarşı çıxmasının əleyhinə olmamışdır.29

Abdullah ibn Zubeyr ona demişdi: “Hara gedir­sən? Sənin atanı öldürən və qardaşına tənə vuran bir tay­fanın yanınamı gedirsən?!”30

Əbu Səid əl-Xudri demişdir: “Hüseyn bizi yendi. Halbuki mən ona demişdim: “Allahdan qorx, evində otur və təyin olunmuş əmirə qarşı çıxma”.31

Abdullah ibn Amr ibn əl-As demişdir: “Hüseyn çox tə­ləsdi. Vallahi ki, onun belə bir iş tutacağından xəbərim olsay­dı, bunun qarşısını almaq üçün əlimdən gələni edər­dim.”32

Muhəmməd ibn əl-Hənəfiyyə33 demişdir: “Qarda­şım, sən mənim üçün hamıdan əziz, hamıdan sevimli və hamı­dan yaxınsan. Sənə nəsihət etməyib, kimə nəsihət edəcəyəm?! Bir müddət Yezidə beyət etmə, kənara çəkil. Sonra öz adamlarını müsəlmanların yanına göndər və onları sənə beyət etməyə çağır. Əgər sənə beyət etsələr, Allaha həmd-səna edərik, yox əgər başqasına beyət edər­lərsə, bundan sənin nə dininə, nə ağlına, nə əxlaqına, nə də hörmətinə xələl dəyər. Qorxuram, sən elə bir camaatın yanına gedəsən ki, onların bir qismi səni dəstəkləsin digərləri isə sənə qarşı çıxsın və səni qətlə yetirsin...”34

Abdullah ibn Cəfər ibn Əbu Talib öz oğlanları Mu­həmməd və Aunla Hüseynə məktub göndərmişdi. Mək­tubda deyilirdi: “Səni and verirəm Allaha heç yerə getmə. Qorxuram, səni ailənlə birlikdə qətlə yetirsinlər.”35

Əbu Bəkr ibn Abdurrəhman ibn əl-Haris demişdir: “Mən iraqlıların sənin atana və qardaşına nələr etdiyini görmüşəm. İndi isə sən onların, o dünyasevərlərin yanı­na getmək istəyirsən?! Sənə kömək edəcəklərinə söz verənlər sənə qarşı vuruşacaq, sənə xəyanət edəcəklər. Yaxşı-yaxşı fikirləş...”36

Abdullah ibn Muti Hüseynə demişdir: “Atam-anam sənə qurban, getmə İraqa! Onlar səni öldürsələr, bizləri kölə edəcəklər.”37

Lakin imam Hüseyn düşünürdü ki, əməvilər Allahın hökmü ilə hökm etməmiş, Peyğəmbərə (sallallahu aleyhi və səlləm) müxalif olmuş və raşidi xəlifələrin yolundan kənara çıxmış, şura ilə de­yil, varisliklə hakimiyyətə gəlmişlər. Düşünürdü ki, bu işi həll etmək onun borcudur və o, bu məsələdə susma­malı, haqqı deməlidir. Düşünürdü ki, kufəliləri başına yığsa haqq-ədaləti bərqərar edəcək. Bütün bunlardan belə nəticə çıxır ki, imam Hüseyn hakimiyyətə qarşı çıx­mamış, əksinə, buraxılan səhvləri düzəltmək istəmiş­dir. Allah da düz yolda olanları və düzgünlüyə can atan­ları ucaltmış, onları dillər əzbəri etmiş və onlara Cənnəti nəsib etmişdir, zalımları isə alçaldıb müsibətlərə düçar etmişdir.   

Hüseyn öz yaxınları ilə birlikdə gəlib Şərafa çatdıq­da Hur ibn Yezidin baş­çılıq etdiyi min atlı ilə qarşılaşdı. Hüseyn Hurdan geri qayıtmağı xahiş etdi. Lakin Hur əm­rə tabe olduğunu bildirdi və onlara Kufəyə getməyi buyur­du. Hüseyn bundan imtina edib Şama üz tutdu. Hur onla­rı müşayiət etdi və yolda Hüseynə döyüşməmə­yi nə­sihət etdi.38

Onlar Kərbə­laya yetişdikdə Ömər ibn Sədin, Şimr ibn zil-Cövşənin və Huseyn ibn Təmimin başçılıq etdiyi dörd minlik ordu ilə qarşılaşdı­lar. Əslində, bu ordu dey­ləmlərə39 qarşı təchiz edilmişdi, lakin sonradan ibn Ziyad Ömərə xəbər göndərib ordunu Hüseynə qarşı çe­virməyi əmr etmişdi. Əvvəlcə Ömər bundan imtina etmiş, lakin ibn Ziyad ona hədə-qorxu gəldikdən, evini yandıraca­ğını, özünü də edam etdirəcəyini söylədikdən sonra Ömər əmrə tabe olub onun buyruğunu yerinə yetirmiş­di.40 Nə­hayət, Hüseyn Taf deyilən yerə çatdıqda Ömərin or­du­su onları mühasirəyə aldı. Hüseyn or­dunun onlara xətər toxunduracağını hiss etdikdə onlara üç şeydən biri­ni seçməyi təklif etdi; ya onu Yezidin yanına aparsınlar, ya Məkkəyə qayıtmağa imkan versinlər, ya da müsəl­manla­rın qaldığı istehkamlardan birində qərar tutsun.41 İbn Zi­yad az qalmışdı ki, Hüseynin bu təklifini qəbul edib onu Yezidin yanına göndərsin, lakin Şimr ibn zil-Cö­vşən bu­na etirazını bildirib dedi: “Xeyr! Gə­rək o, sə­nin hökmü­nü qəbul etsin.” Bu xəbər Hüseynə çatdıqda o de­di: “Xeyr, vallahi, mən heç vaxt ibn Ziyadın hakimiy­yə­tini qəbul edən deyiləm”. Sonra o, yanındakılara: “Siz azad­sınız, gedə bilərsiniz”- dedi, onlar isə ona Allah yolunda şəhid olanadək vuruşacaq­larını bildirdilər. 42

(İbn Ziyadın sərkərdələrindən olan) Hur ibn Ye­zid Şimrin etirazından xəbər tutduqda dedi: “Axı, niyə bun­­ların təklifini qəbul etmirsiniz?! Vallahi ki, əgər türklər və ya deyləm­lər sizə belə bir təklif etsəydilər, çarəsiz qa­lıb onu qəbul edərdiniz.” Onlar (Hurrun sözlərinə) mə­həl qoy­mayıb Hüseyndən ibn Ziyadın hakimiyyətinə bo­yun əy­məyi tələb etdilər. Onda Hur atını sürüb Hüsey­nin və onun tərəfdarlarının yanına gəldi. Hamı onun onlarla vuruşacağını güman edirdi. Lakin Hur onlara yaxınlaş­dıqda qalxanını tərsinə çevirib onlara salam ver­di və əks hucuma keçib ibn Ziyadın adamları ilə döyüş­məyə baş­ladı. Hur onlardan iki nəfəri öldürdükdən son­ra özü də şəhid oldu. Allah ona rəhmət eləsin!43

Bu döyüşdə Hüseynin tərəfdarlarının hamısı onu müdafiə edərək şəhid oldu. Allah onların hamısından razı olsun! Axırda imam Hüseyn tək qaldı. (Bu yaşında) o çox şücaətlə vuruşurdu. Lakin çoxluq ona qalib gəldi. Kufə­lilərdən hər kəs istəyirdi ki, onu başqa birisi qətlə yetir­sin, heç kəs cürət edib Peyğəmbərin (sallallahu aleyhi və səlləm) nəvəsi­nə yaxın­laşmırdı. Nəhayət, Şimr bağırdı: “Vay sizin halını­za! Nə gözləyirsiniz?!” Onda Sinan ibn Ənəs ən-Nəxəi əlindəki nizəni əvvəlcə Hüseynin boğazına, sonra da köksünə sancdı. Hüseyn yerə yıxıldıqdan sonra onlar onu əhatəyə alıb qanına qəltan etdi­lər və başını bədənin­dən ayır­dılar. Sonra onun başını ibn Ziyada göndərdilər. Allah onların hamısının cəzasını versin!44

Onları hicrətin 61-ci ilində, aşura günü (Məhərrəm ayının 10-u) cümə günü qətlə yetirdilər. Hüseyn əleyhis­səlam əlli altı yaşında şəhid oldu. Hüseynlə birgə bu dö­yüşdə yetmiş iki nəfər də şəhid oldu. Ömərin dəstə­sin­dən isə sək­sən səkkiz nəfər öldürüldü. Hüseyn şəhid ol­duqdan son­ra Ömər ibn Səd onların qadınlarına və uşaq­larına toxunma­mağı, onlarla gözəl rəftar etməyi buyur­du və onları ibn Ziya­dın yanına göndərdi.45 İbn Ziyad da qadın­lara və uşaqlara yemək və geyim, üstəlik qalmağa yer verməyi əmr etdi.

Əlbəttə ki, bu, çox kədərli və üzücü bir hadisədir. Heç şübhəsiz ki, Hüseyni və onun tərəfdarlarını qətlə yetirənlərin hamısı ziyana uğramış və Allahın qəzəbinə düçar olmuşlar. Hüseyn və onunla birlikdə vuruşanlar isə şəhid olmuş, Allahın rəhmətinə qovuşmuş və Onun razılığını qazanmışlar.46

Allah onlara rəhmət eləsin!

 



1Beyət: birinin hakimiyyətini qəbul edərək ona tabe və sadiq olma.

2 Tarix əl-Uməm vər-Rusul vəl-Muluk, 6/274.

3 Əvvəlki mənbə.

4 Tarix əl-Uməm vər-Rusul vəl-Muluk, 6/277.

5 Əvvəlki mənbə.

6 Tarix əl-Uməm vər-Rusul vəl-Muluk, 6/278.

7 Tarix əl-Uməm vər-Rusul vəl-Muluk, 6/279.

8 Tarix əl-Uməm vər-Rusul vəl-Muluk, 6/284.

9 Tarix əl-Uməm vər-Rusul vəl-Muluk, 6/291.

10 Tarix əl-Uməm vər-Rusul vəl-Muluk, 6/293.

11 Siyər Əlam ən-Nubələ, 3/308; əl-Bidayə vən-Nihayə, 11/488; Tarix əl-Uməm vər-Rusul vəl-Muluk, 6/297.

12 Allah Muslimə rəhmət eləsin! O bilirdi ki, borclu olduğu halda ölsə, Allah onu bağışlamayacaq. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Şəhidin borcun­dan başqa bütün günahları bağışlanır”. Səhih Muslim, 49991.

13 Allah Böyükdür.

14 Allahdan başqa ibadətə layiq olan bir məbud yoxdur.

15 Allah pak və müqədəsdir.

16 Allahım məni bağışla.

17 əl-Bidayə vən-Nihayə, 11/490.

18 Tarix əl-Uməm vər-Rusul vəl-Muluk, 6/302.

19 Təbəqat, 5/167; Təhzib əl-Kəmal, 6/422.   

20 Təhzib əl-Kəmal, 6/422.   

21 əl-Bidayə vən-Nihayə, 11/510.

22 Ənsab əl-Əşraf, 3/573; əl-Bidayə vən-Nihayə, 11/512.

23 Təbəqat, 5/376; əl-Bidayə vən-Nihayə, 11/512.

24 Tarix əl-Uməm vər-Rusul vəl-Muluk, 6/325.

25 Siyər Əlam ən-Nubələ, 3/292; Sünən əl-Kubra, 13352.

26 Siyər Əlam ən-Nubələ, 3/297.

27 Görüləcək bir işin uğurlu olub-olmayacağını əvvəlcədən bilmək üçün iki rükət namaz qılıb dua etməklə Allahdan buna dair bir əlamət gös­tərməsini diləmək.

28 əl-Kamil fit-Tarix, 2/546; Mocəm əl-Kəbir, 2790.

29 əl-Füqəha vəl-Xüləfa, səh: 25.

30 Müsənnəf ibn Əbu Şeybə, 37364.

31 Təbəqat, 1/445.

32 Ərşif, 87/119.

33 Muhəmməd Həsən və Hüseynin atabir qardaşı, Əli ibn Əbu Talibin Xov­lə bint Cəfər əl-Hənəfiyyədən olan oğludur.

34 Ənsab əl-Əşraf, 4/15.

35 Tarix əl-Uməm vər-Rusul vəl-Muluk, 6/311.

36 əl-Bidayə vən-Nihayə, 11/504.

37 Müxtəsər Tarix Dəməşq, 7/139.

38 Tarix əl-Uməm vər-Rusul vəl-Muluk, 6/326.

39 Deyləm: Fars imperiyasının tərkibində yerləşən şəhərlərdən biridir.

40 Tarix əl-Uməm vər-Rusul vəl-Muluk, 6/335.

41 Tarix əl-Uməm vər-Rusul vəl-Muluk, 3/365.

42 Tarix əl-Uməm vər-Rusul vəl-Muluk, 3/342.

43 Tarix əl-Uməm vər-Rusul vəl-Muluk, 3/299; əl-Bidayə vən-Nihayə, 8/170.

44 Siyər Əlam ən-Nubələ, 3/300.

45 Tarix əl-Uməm vər-Rusul vəl-Muluk, 6/385.

46 Rəyu şeyxul-İslam, 2/228.

 


Baxılıb: 18245


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”