Ana səhifə / Səhabələr / İmam Hüseyn / İmam Hüseynin (radiyallahu anhu) duası

İmam Hüseynin (radiyallahu anhu) duası

İmam Hüseynin (radiyallahu anhu) duası

 

İmam Hüseyn Kərbəlada döyüşdən qabaq belə bir dua etmişdir: “Allahım, hər bir sıxıntıda arxayın oldu­ğum, hər bir çətinlikdə ümid bəslədiyim və başıma gələn hər bir hadisədə kömək umacağım tək varlıq Sənsən! Qəlbləri qıran, hiylələri gerçəyə çevirən, dostu məyus edən və düşməni sevindirən nə cür sıxıntı olursa olsun, ümidimi ancaq Sənə bağlayıb bu sıxıntıdan dolayı yalnız Sənə üz tutur və onu yalnız Sənə açıb söyləyirəm ki, mə­nə kömək edəsən və mənim sıxıntımı aradan qaldıra­san. Hər bir nemətin Sahibi, hər bir yaxşılığın əvəzini verən və hər bir işdə ümid bəslənilən yalnız Sənsən!”1

Hüseyn belə dua etməklə bizə ancaq Allaha üz tut­ma­ğı, Ona inanmağı, Ona təvəkkül etməyi və Ona ümid bəs­ləməyi öyrədir. Həqiqətən, belə mə­qamlarda dua­dan daha gözəl şey ola bilməz. Bu haqda Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) demişdir:

Allah yanında duadan daha gözəl bir şey yox­dur”.2

Biz də gərək Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) və onun Hüseyn kimi ardı­cıl­larının etdiyi kimi ancaq Allaha dua edək. Bu xü­sus­da şairimiz Nizami Gəncəvi gözəl sözlər söyləmişdir:

 

Könüldən gəlməyən dua, yaxşı bil,

Mənasız bir işdir, ibadət deyil.

                Sidq ilə ibadət eləsə insan,

        Naümid qayıtmaz haqq dərgahından. 3

@@@

Sən dedin: dar gündə köməkçi Mənəm,

Hər dilək istəsən, qəbul edənəm,

Sənsən acizlərə hər zaman pənah,

Mən də bir acizəm, kömək ol, Allah.4

@@@

Bəlalar gizlidir, bikəsəm, Allah!

Varmı Səndən özgə mənə bir pənah?!           

Bir Sənsən dünyada əlimdən tutan,

Nə versən qailəm, Böyük Yaradan!5

@@@

Bəndəyə əl tutan Sənsən, İlahi,

Yoxdur Səndən başqa onun pənahı.

Olmuş – olacağı Sənsən Yaradan,

Sənin kərəminə möhtacdır insan.

Lütf elə, əlini mənə də uzat,

Mənə öz qovğamdan Özün ver nicat.

Sənsən, Pərvərdigar, hər bir muradım,

Səndən hasil olar hər bir muradım.

Mərhəmət görərsə Səndən bir insan,

Nə göydən qorxar o, nə də ulduzdan.6

@@@

Hər zaman köməyə çağırram Səni,

Qapından ümidsiz qaytarma məni.

Ey Tanrı, dərdimə Sən eylə əlac,

Bu möhtac kəslərə olmayım möhtac.7

@@@

İlahi, dar gündə Sən ol həmdəmim,

İstədiyin yerə çatsın qədəmim.

Aç mənim üzümə nur xəzinəni.

Zülmətlər içindən xilas et məni!8



1 Tarix əl-Uməm vər-Rusul vəl-Muluk, 6/350; əl-Bidayə vən-Nihayə, 8/169.

2Səhih Ədəb əl-Mufrəd, 712.

3“İskəndərnamə”, səh: 431.

4 “İskəndərnamə”, səh: 19.

5«Leyli və Məcnun», səh: 30.

6 “İskəndərnamə”, səh: 411.

7 “İskəndərnamə”, səh: 17.

8 «Leyli və Məcnun», səh: 30.

 


Baxılıb: 17754


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”