Ana səhifə / Əqidə / Üç sual / Rəbbin kimdir?

Rəbbin kimdir?

 

 

 

Rəbbin kimdir?

 

   Bu sualın yalnız bir cavabı var «Allah!» Bu cavabı Onun Öz kəlamı ilə də əsaslandırmaq olar. Uca Allah bu­yu­rur: «Əgər onlardan özlərini kimin yaratdığını so­ruş­san, əlbəttə: “Allah!” - deyərlər. Gör necə də haqdan döndərilirlər!»1 Bununla belə onu da qeyd et­mək lazımdır ki, hər kəs «Rəbbim Allahdır!» deyib Onun buyruqlarını yerinə yetirmə­sə, öz dediyini təsdiq etmiş hesab olunmur. Təqribi müqayisə etmək üçün: «ata-anam filan­kəsdir, mən onları çox sevirəm» deyən və sonra da valideynləri­nin qay­ğısına qalmayan şəxsə baxmaq kifayət­dir. Belə ki, həqi­qi mömin o şəxsdir ki, Rəbbini tanıdıq­dan sonra Ona itaət et­sin. Uca Allah belə şəxslər ba­rəsində buyurur: «Həqiqətən də: “Rəbbimiz Allah­dır!” - deyib sonra düz yol tutan kəs­lərə mələklər nazil olub deyirlər: “Qorxmayın və kə­dər­lənmə­yin! Sizə vəd olunan Cənnətlə sevinin!”»2 Ayə açıq-aydın göstərir ki, təkcə «Rəbbim Allahdır» demək ki­fayət deyil, müt­ləq olaraq qəbul edilən Rəbbin buy­ruq­la­rı­nı da yerinə yetir­mək lazımdır. Bu xüsusda Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) əmisi oğlu Abdullah İbn Abbas (radiyallahu anhumə) bu ayəni izah edərkən demişdir: «Düz olan kəs­lər» Allahın vacib buyur­duğu əməlləri yerinə yetirən şəxslərdir.3

   Odur ki, Uca Allah insanlar Onu tanısınlar deyə hər za­man onlara peyğəmbərlər göndərmişdir. Bu peyğəmbərlə­rin hər birinin başlıca vəzifəsi insanları tək Allaha ibadət etməyə dəvət etmək və Ona şərik qoşmaqdan çəkindirmək olmuşdur. Təəssüf ki, insanların bir qismi Allaha və Onun elçilərinə itaət etməkdən boyun qaçırmış və beləliklə də haqq yolundan azmışlar. Onlar barəsində Uca Allah belə buyurur: «Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun” - deyə, elçi göndərdik. Onlar­dan kimisini Allah doğru yola yönəltmiş, kimisinə də azmaq nəsib ol­muşdur. Yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti necə oldu!»4

   Ayədən görünür ki, hər bir ümmətdən peyğəmbər­lərə iman gətirən və gətirməyən kəslər olmuşdur. Hətta elə pey­­ğəmbər olmuşdur ki, ümmətindən heç bir kəs ona iman gə­tirməmişdir. İbn Abbasın (radiyallahu anhumə) rəvayət etdiyi hədis­də Pey­ğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Ümmətlər mənə göstərildi. Mən (on nəfərdən az) bir toplum ilə birgə olan peyğəmbər, bir və iki kişi ilə birgə olan peyğəmbər və yanında bir kəs ol­ma­yan peyğəmbər gördüm. Birdən (uzaqda) çox sayda in­san toplusu göründü və mən elə gü­man etdim ki, bu mə­nim ümmətimdir. Mənə: «Bu, Musa u və onun qöv­mü­dür!» - deyildi. Mən nəzər salıb (başqa bir) çox sayda in­san toplusu gördükdə mənə deyildi: «Bu sənin üm­mə­tin­dir! Onlardan yetmiş mini haqq-hesab­sız və cəzasız Cən­nətə daxil olacaq…»5

   Haqq-hesab olunacaq və cəzalandırılacaq kəslərə gəlin­cə, onlar Allaha şərik qoşan və s. günahlar edən kəslər­dir. Uca Allah bu günahkar kəslərdən istədiyini bağış­layacaq istədi­yini də müvəqqəti olaraq cəzalandıracaqdır. Qaldı ki bilərəkdən Allaha şərik qoşan və tövbə etmədən ölüb ge­dən bəndələrə, Allah onları heç vaxt bağışlamayacaq və əbədi Cəhənnəm əzabına düçar edəcəkdir.   

   «Şübhəsiz ki, Allah Ona şərik qoşulmasını bağış­lamaz, lakin bundan başqasını (digər günahları) istədiyi kəsə bağışlar. Allaha şərik qoşan şəxs isə dərin bir azğınlığa düşmüşdür».6

   «Şübhəsiz ki, “Məryəm oğlu Məsih – Allahdır” – de­yənlər artıq kafir oldular. Məsih isə demişdir: “Ey Israil oğulları! Rəbbim və Rəbbiniz olan Allaha ibadət edin! Həqiqətən, Allaha şərik qoşan kəsə, Allah Cənnəti ha­ram etmişdir. Onun sığına­cağı yer də oddur. Zalım­lara kömək edənlər olma­yacaq”.»7

   Muaz ibn Cəbəl (radiyallahu anhu) rəvayət edir ki, mən Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) birgə onun uzunqulağının tərkində olarkən o mənə dedi: «Ey Muaz! Bilirsənmi Allahın bəndələr üzə­rində və bən­də­lərin də Allah üzərində olan haqqı nədir?» Mən de­dim: «Allah və rəsulu daha yaxşı bilir!» O dedi: «Alla­hın bəndələr üzərində olan haqqı Ona ibadət edib heç bir şe­yi Ona şərik qoşmamaları, bəndələrin Allah üzərində olan haqqı isə Ona şərik qoşmayana əzab vermə­mə­si­dir!» Mən dedim: «Ey Allahın elçisi, insanları bu şad xəbərlə müjdələyimmi?» O dedi: «Xəbər vermə ki, ar­xa­yınlaş­masınlar!»8

   Yuxarıdakı ayə və hədislərdən aydın olur ki, hər bir bən­dəyə Rəbbinə ibadət etmək və ona şərik qoşmamaq vacib­dir. Odur ki, hər bir müsəlman, bütün peyğəmbərlərin mə­ramı olan: «Allaha ibadət edin, Tağutdan çəki­nin!» ifa­də­sinin mənasını dərk etməlidir. Belə ki, «Allahın sevdiyi və razı qaldığı, gizlində və aşkarda olan sözləri və əməl­lə­ri əhatə edən hər bir şey ibadət adlanır».9 Göründüyü kimi ibadət deyildikdə yalnız namaz qılmaq nəzərdə tutulmur. Əksinə, bu kəlmə Allahın buyruqlarının hamısına şamil edi­lir. Deməli, dua etmək, qurban kəsmək, nəzir vermək, təvəkkül etmək, ümid bəsləmək, kömək diləmək və s. bu ki­mi iba­dətlər yalnız Allahın rizasını qazanmaq üçün ye­rinə yetiril­məlidir. Uca Allah bu xüsusda bir çox ayələr na­zil etmişdir: «Əgər siz onları çağırsanız, onlar sizin dua­nızı eşitməzlər, eşit­sələr də cavab verə bilməzlər. Öz­ləri də Qiyamət günü sizin ibadət etdiyinizi danacaqlar…»10

   «Haqq çağırışı yalnız Onadır. Müşriklərin Ondan baş­qa çağırdıqları isə, onlara heç bir şeylə cavab vermir­lər».11

   «Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Allahla ya­naşı heç kəsə dua etməyin!»12

   «Ondan savayı çağırdıqlarınız nə sizə yardım edə bilər, nə də özlərinə kömək edə bilərlər!»13

   «Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik!»14

   «Elə isə Rəbbin üçün namaz qıl və qurban kəs!»15

   «Əgər möminsinizsə, Allaha təvəkkül edin!»16

   «Kim Allaha təvəkkül etsə, O, ona kifayət edər…»17

   Yuxarıdakı ayələrdən görünür ki, ibadətlər birbaşa Allah üçün olmalıdır. Burada ibadətin qəbul olunması üçün Allah ilə bəndə arasında dəlil-sübutsuz vasitə tutma­ğın özü də şəriə­tə ziddir. Uca Allah buyurur: «Doğrusu, xalis din an­caq Allaha məxsusdur. Allahı qoyub başqala­rını özlərinə dost tutanlar deyirlər: “Biz onlara sadəcə, bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik.” Əlbəttə ki, Allah ixtilafda olduqları şeylər barəsində onların ara­sında hökm ve­rəcəkdir. Şübhəsiz ki, Allah yalançı və ka­fir olan kimsəni doğru yola yönəltməz!»18

   «Allahdan savayı çağırdıqlarınız sizin kimi qullardır. Əgər doğru danışanlarsınızsa, çağırın onları, sizə cavab versinlər.»19

   Tağuta gəlincə, onun da özünəməxsus tərifi vardır: «Bən­­dənin ya ibadət etdiyində, ya ardınca getdiyində, ya da ita­ət etdiyində həddini aşdığı hər bir şey Tağut adla­nır»20 Be­lə ki, Şeytan və onun havadarları Tağut sayılır. Onlar bən­dələri Allahın haqq yolundan uzaqlaşdıraraq özlərinə iba­dət et­məyə, onların ardınca getməyə və yalnız onlara itaət etməyə sövq edirlər. Uca Allah onlar barəsində belə xəbər verir: «Onlar Allahı qoyub baş keşişlərini və rahiblərini, Məryəm oğlu İsanı tanrılar qəbul et­­dilər. Halbuki onlara ancaq tək İlaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa ilah yoxdur. O, bunların şərik qoşduqları şey­lər­dən uzaqdır!»21

   «Onlara: “Allahın nazil etdiyinə tabe olun!”- de­yil­dik­də, onlar: “Xeyr, biz atalarımızın getdiyi yolu tutub ge­də­cəyik!” - deyərlər. Bəs şeytan onları odun əzabına doğru çağırırsa necə? Yaxşı əməl sahibi olub özünü Allaha təs­lim edən kimsə ən möh­kəm dəstəkdən yapışmış olar. Bü­tün işlərin sonu Allaha qayıdır!»22

   «Musanın əhvalatı sənə gəlib çatdımı? O zaman Rəbbi onu müqəddəs Tuva vadisində ça­ğırıb demiş­di: “Firo­nun yanına get! Çünki o, həddini aş­mış­dır. De: “Gü­nah­lardan təmizlənmək istəyirsən­mi? Səni Rəbbinə yönəl­dimmi ki, On­dan qorxa­san?” Musa ona ən böyük mö­cü­zəni göstərdi. O isə haqqı yalan sayıb asi oldu. Sonra da üz döndərib fəsad törətməyə səy göstərdi. O, camaatını toplayıb uca səslə çağırdı, və dedi: “Sizin ən uca rəbbiniz mənəm!” Allah da onu Axirət və dünya əzabı ilə ya­xa­la­dı. Həqiqətən, bunda Allahdan qorxan kimsələr üçün ib­rət var­dır.»23

   Yuxarıda qeyd olunan ayədə nəsranilərin Məryəm oğlu İsanı özlərinə tanrı etmələri heç də onun Tağut olmasına dəla­lət etmir. Belə ki, İsa u Allaha şərik qoşmağın əley­hinə olmuş və qövmünü də bundan çəkindirmişdir. Odur ki, Uca Allah onun saf etiqadda olduğunu insanlara izah edib demişdir: «Qiyamət günü Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahı qoyub məni və anamı iki tanrı qəbul edin!” - demişdin?” İsa cava­bında deyəcək: “Sən pak və müqəd­dəssən! Haqqım ol­mayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə, Sən onu bilərdin. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bil­mi­rəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən! Mən onlara an­caq Sənin mənə əmr etdiyini: “Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!” - demişəm. Nə qə­dər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni onların arasından götürdükdən sonra isə on­la­ra nəzarət edən Özün oldun. Sən hər şeyə Şahidsən!»24

   Artıq bizə məlum oldu ki, Rəbbimiz hər şeyi yaradan və idarə edən, qüdrət və qüvvət sahibi olan, heç nəyə və heç kə­sə möhtac olmayan, pak və müqəddəs olan Uca Allah­dır. Şübhəsiz ki, O, hər bir məxluqu Öz hikməti ilə yarat­mış və bundan sonra da yaradacaqdır. Elə isə gəlin ilk əv­vəl yaradılışımızın hikməti barə­də düşü­nək. Heç ola bi­lər­mi ki, bu həyatda yaşamağın məqsədi ancaq yemək-iç­mək, yat­maq və şəhvəti ödəmək olsun, xeyirxah insanlar mükafat­sız, zalim insan­lar da cəzasız qalsın? Bilin ki, Uca Allah bizi əbəs yerə yaratmayıb və şübhəsiz ki, hamımız Onun hüzu­runa qaytarılacağıq. Allahın hüzuruna qaytarı­lacaqlarına inanmayan günahkar kəslərə isə belə deyi­lə­cəkdir: «Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yarat­mışıq və siz heç vaxt Bizə qaytarılmayacaqsınız?»25

   Bu cür qınanılan aqibətə məruz qalan kəslərdən ol­ma­ma­ğı arzulayan hər bir kəs indidən yaxşı-yaxşı düşünməli və Allahın məhəbbətini qazanmaq üçün əlindən gələni əsir­gəməməlidir. Vay o kəslərin halına ki, onlar Allahı, Allah da onları unutmuşdur. Elə isə Allahı xatır­layın ki, O da sizi yada salsın! Allahı yalnız müsibət gəldikdə xatır­la­yan kəs­lərdən olmayın. Onlar barəsində Uca Allah belə buyurur: «Sizə dənizdə bir fəlakət üz verdiyi zaman On­dan başqa tapındıq­larınız sizdən uzaqlaşar. O sizi xilas edib quruya çıxartdıqda isə üz döndərirsiniz. Həqi­qətən, insan nankordur! Allahın sizi quruda bir yerə ba­tır­ma­ya­cağına, yaxud üstünü­zə daş-kəsəkli tufan göndər­mə­yəcəyinə əminsinizmi? Sonra sizi bu bəladan qoruyan bir kəs də tapa bilməzsiniz. Yoxsa sizi bir daha dənizə qay­ta­rıb üstünüzə qasırğa göndər­məyəcəyinə və küfr etdi­yi­ni­zə görə sizi batırmayacağına əminsiniz? Sonra buna gö­rə Bizdən intiqam alan bir kəs də tapa bilməzsiniz.»26Ayə­dən görünür ki, müsibət baş ver­dik­də insanlar ibadət etdikləri Tağutlardan üz döndə­rib yalnız Allaha sığınırlar, Ondan kömək diləyirlər. Təhlü­kə sovuşduqdan sonra isə onlarla bərabər həmin təhlükəyə məruz qalmış Tağutlara qurban, nəzir və s. verir­lər. Əgər bu Tağutlar ilahi qüv­və­yə malikdirlərsə onda nə üçün hər hansı bir müsibətə dü­çar olmalı və hamı kimi Allahın ira­dəsi altında qalma­lı­dır­lar? Baxın görün Allah onların aciz ol­duğuna dair necə gözəl misal çəkir: «Ey insanlar! Bir məsəl çəkildi, onu din­ləyin. Şübhəsiz ki, Allah­dan başqa ibadət etdikləriniz bir mil­çək belə yarada bilməzlər – bunun üçün lap bir ye­rə yığışsalar belə. Əgər milçək onlardan bir şey gö­tü­rüb aparsa, bunu ondan geri ala bilməzlər. İstəyən də acizdir, istəni­lən də!»27

   Uca Allah bütün günahları insanlara başa salmaq, haqqı onlara bildirmək üçün vahid olan bir din göndərmişdir. O din ki, insanları tək olan Allaha ibadət etməyə və Tağut­dan çəkin­məyə çağırır. Odur ki, belə bir din haqda məlu­matı olma­yan hər kəsə bərzəx həyatından fərqli olaraq is­tədiyi cavabı verə biləcək bir məkanda və zamanda sual veri­rəm…



1«əz-Zuxruf» surəsi, 87.

2 «Fussilət» surəsi, 30.

3«Camiul-Bəyan», 24/115.

4«ən-Nəhl» surəsi, 36.

5 «Səhihul-Buxari», 5705, 5752; «Səhih Muslim», 526.

6 «ən-Nisa» surəsi, 116.

7 «əl-Maidə» surəsi, 72.

8 «Səhihul-Buxari», 128; «Səhih Muslim», 30.

9 «Məcmuul-Fətavə», 10/149. 

10 «Fatir» surəsi, 14.

11 «ər-Rəd» surəsi, 14.

12 «əl-Cinn» surəsi, 18.

13 «əl-Əraf» surəsi, 197.

14«əl-Fatihə» surəsi, 5.

15 «əl-Kovsər » surəsi, 2.

16 «əl-Maidə» surəsi, 23.

17«ət-Talaq» surəsi, 3.

18«əz-Zumər» surəsi, 3.

19 «əl-Əraf» surəsi, 194.

20 «İ'lamul-Müvəqqiin», 1/50.

21«ət-Tövbə» surəsi, 31.

22 «Loğman» surəsi, 21,22.

23«ən-Naziat» surəsi, 15-26.

24 «əl-Maidə» surəsi, 116,117.

25 «əl-Muminun» sürəsi, 115.

26 «əl-İsra» surəsi, 67-69.

27«əl-Həcc» surəsi, 73.

 


Baxılıb: 17019


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”