Ana səhifə / Quran / 2 əl-Bəqərə

2 əl-Bəqərə

2 əl-Bəqərə
"İnək" surəsi, 286 ayə,
Mədinədə nazil olub.

 Mərhəmətli və Rəhmli Allahın adı ilə!

 

1. Əlif Ləm Mim.

2. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır.

3. O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər;

4. O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar.

5. Onlar öz Rəbbindən gələn doğru yoldadırlar Məhz onlar nicat tapanlardır.

6. Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər.

7. Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir Onlar üçün böyük bir əzab vardır.

8. İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: "Allaha və Axirət gününə inanırıq"– deyirlər.

9. Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar Halbuki yalnız özlərini aldadır və bunu anlamırlar.

10. Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır Yalan söylədiklərinə görə də ağrılı-acılı bir əzab çəkəcəklər.

11. Onlara: "Yer üzündə fəsad törətməyin!"– deyildiyi zaman: "Biz ki, ancaq xeyirxahlıq edənlərik!"– deyirlər.

12. Sözsüz ki, onlar fəsad törədənlərdir, amma bunu başa düşmürlər.

13. Onlara: "Bu insanlar iman gətirdiyi kimi siz də iman gətirin!"– deyildiyi zaman: "Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?"– deyirlər Doğrusu, onlar özləri səfehdirlər, lakin bunu bilmirlər.

14. Onlar möminlərlə rastlaşdıqda: "Biz iman gətirdik!"– deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: "Biz sizinləyik Biz möminlərə ancaq istehza edirik!"– deyirlər.

15. Allah da onlara istehza edər və azğınlıqlarını o qədər artırar ki, sərgərdan gəzərlər.

16. Onlar, doğru yolu verib azğınlığı satın almış kimsələrdir Amma onların ticarəti qazanc gətirmədi və özləri də doğru yola yönəlmədilər.

17. Onların məsəli zülmət gecədə od qalayan kimsənin məsəlinə bənzər Alov onun ətrafındakıları işıqlandırdığı zaman Allah onların nurunu aparar, özlərini də heç bir şey görə bilməyəcəkləri zülmətlər içərisində buraxar.

18. Onlar kar, lal və kor olduqlarına görə doğru yola qayıtmazlar.

19. Yaxud onların məsəli zülmət içində göy gurultusu və şimşəklə yağan leysana düşənlərin məsəlinə bənzəyir ki, ildırımdan ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayırlar Şübhəsiz ki, Allah kafirləri hər tərəfdən əhatəyə almışdır.

20. Şimşək az qalır ki, onların gözlərini çıxartsın Şimşək hər dəfə onların yolunu işıqlandırdıqda onunla gedirlər, zülmət onları bürüdükdə isə dayanıb dururlar Əgər Allah istəsəydi, onları eşitməkdən və görməkdən məhrum edərdi Şübhəsiz ki, Allah hər şeyə qadirdir.

21. Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Allahdan qorxasınız.

22. O, sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi Göydən su endirib onunla sizin üçün növbənöv məhsullardan ruzi yetişdirdi Siz də bunu bildiyiniz halda heç kəsi Allaha tay tutmayın.

23. Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə və doğru deyirsinizsə, onda ona bənzər bir surə gətirin və Allahdan savayı bütün şahidlərinizi köməyə çağırın!

24. Əgər siz bunu edə bilmirsinizsə, – heç edə də bilməzsiniz – onda yanacağı insanlardan və daşlardan olan, kafirlər üçün hazırlanmış oddan çəkinin.

25. İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, onlardan ötrü üçün ağacları altından çaylar axan Cənnət bağları vardır Hər dəfə onun meyvələrindən onlara ruzi verildikcə: "Bu ki, əvvəlcə bizə verilən ruzidir!"– deyəcəklər Halbuki onlara onun oxşarı veriləcəkdir Onlardan ötrü orada pak zövcələr var və onlar orada əbədi qalacaqlar.

26. Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən gələn haqdır Küfr edənlər isə deyirlər: "Bu məsəllə Allah nə demək istədi?" Halbuki O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır.

27. O kəslər ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) kəsir və yer üzündə fitnə-fəsad törədirlər Məhz onlar ziyana uğrayanlardır!

28. Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi? Sonra O sizi öldürəcək və yenə dirildəcək, daha sonra isə siz Ona qaytarılacaqsınız.

29. Yer üzündə olanların hamısını sizə görə xəlq edən, sonra göyə tərəf yönəlib onu yeddi qat göy edən Odur O, hər şeyi bilir.

30. Sənin Rəbbin mələklərə: "Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!"– dedikdə, onlar: "Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?"– söylədilər O dedi: "Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!"

31. Allah Adəmə bütün şeylərin adlarını öyrətdi Sonra onları mələklərə göstərib dedi: "Doğru danışanlarsınızsa, bunların adlarını Mənə deyin!"

32. Onlar dedilər: "Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!"

33. Allah dedi: "Ey Adəm, bunların adlarını onlara bildir!" O, bunların adlarını onlara bildirdikdə Allah dedi: "Mən sizə demədim ki, göylərdə və yerdə olan qeybi, aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?"

34. Bir zaman Biz mələklərə: "Adəmə səcdə edin!"– dedikdə, İblisdən başqa hamısı səcdə etdi O imtina edib təkəbbür göstərdi və kafir oldu.

35. Biz dedik: "Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin için, təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız".

36. Şeytan isə o ağacla onları çaşdırıb olduqları yerdən çıxartdı Biz dedik: "Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyən olunmuş vaxtadək məskən və gün-güzəran vardır".

37. Adəm tövbə etmək üçün Rəbbindən kəlmələr öyrəndi, O da onun tövbəsini qəbul etdi Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir.

38. Biz dedik: "Hamınız oradan yerə enin! Mənim tərəfimdən sizə doğru yol göstəricisi gəldikdə Mənim yol göstəricimin ardınca gedənlərə heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər".

39. Kafir olub ayələrimizi yalan sayanlar isə Od sakinləridirlər Onlar orada əbədi qalacaqlar!

40. Ey İsrail oğulları! Sizə bağışladığım nemətimi yadınıza salın və Mənə verdiyiniz əhdə sadiq olun ki, Mən də sizə verdiyim əhdi yerinə yetirim Təkcə Məndən qorxun!

41. Sizdə olanı təsdiqləyici kimi nazil etdiyimə (Qurana) iman gətirin və onu inkar edənlərin ən birincisi olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın və yalnız Məndən qorxun.

42. Özünüz də bilə-bilə haqqa batil donu geyindirməyin və haqqı gizlətməyin.

43. Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!

44. Siz Kitab oxuyub insanlara xeyirxahlığı əmr etdiyinizi halda, özünüzü unudursunuz? Məgər anlamırsınız?

45. Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin! Həqiqətən, bu, Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir.

46. Çünki onlar öz Rəbbi ilə qarşılaşacaqlarını və Ona qayıdacaqlarını yəqin bilirlər.

47. Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və sizi aləmlərdən üstün etdiyimi xatırlayın.

48. Qorxun o gündən ki, o vaxt heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən şəfaət qəbul olunmayacaq, heç kəsdən bir fidyə alınmayacaq və günahkarlara kömək göstərilməyəcəkdir.

49. Bir zaman Biz sizi Fironun tərəfdarlarından xilas etdik O vaxt onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar Bunda Rəbbiniz tərəfindən sizin üçün böyük bir sınaq var idi.

50. O zaman Biz sizə görə dənizi yardıq, sizi xilas etdik və Fironun tərəfdarlarını gözünüzün qabağında dənizdə batırdıq.

51. O zaman Biz Musaya vəhy üçün qırx gecəlik vədə verdik Sonra siz onun ardından buzovu özünüzə məbud qəbul edərək zalım oldunuz.

52. Sonra bunun ardınca Biz sizi bağışladıq ki, bəlkə şükür edəsiniz.

53. O zaman Biz Musaya Kitab və haqqı batildən ayıran Furqan verdik ki, bəlkə doğru yolla gedəsiniz.

54. O zaman Musa öz qövmünə dedi: "Ey qövmüm! Siz buzovu ilah qəbul etməklə özünüzə zülm etdiniz Odur ki, Yaradanınıza tövbə edin və özünüzü (sizlərdən özlərinə zülm edənləri) öldürün Bu, Yaradanınızın yanında sizin üçün xeyirlidir" O, sizin tövbənizi qəbul etdi Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir.

55. O zaman siz: "Ey Musa! Biz Allahı açıq-aşkar görməyincə sənə iman gətirməyəcəyik!"– dediniz və gözünüz görə-görə sizi ildırım vurdu.

56. Ölümünüzdən sonra Biz sizi diriltdik ki, bəlkə şükür edəsiniz.

57. Biz sizin üstünüzə buludla kölgə saldıq, sizə manna və bildirçin endirdik və: "Sizə ruzi olaraq verdiyimiz pak şeylərdən yeyin!"– dedik Onlar Bizə deyil, ancaq özlərinə zülm etdilər.

58. O zaman Biz dedik: "Bu kəndə daxil olun və orada istədiyiniz yerlərdə, rahatlıqla yeyin için Qapıdan səcdə edərək daxil olun və: "Bizi bağışla!"– deyin ki, sizin günahlarınızı bağışlayaq" Biz yaxşı işlər görənlərə mükafatlarını artırarıq.

59. Zülm edənlər özlərinə deyilən sözü başqası ilə dəyişdilər Biz də zülm edənlərə etdikləri günaha görə göydən əzab göndərdik.

60. O zaman Musa öz xalqı üçün su istədikdə, Biz: "Əsanla daşa vur!"– dedik Daşdan on iki çeşmə qaynayıb çıxdı Hər qəbiləyə su içəcəyi yer müəyyənləşdirildi Onlara dedik: "Allahın sizə verdiyi ruzidən yeyin-için və yer üzündə fəsad yayıb pis işlərə qurşanmayın!"

61. Onda siz dediniz: "Ey Musa! Biz eyni cür yeməklərə dözməyəcəyik Ona görə də bizim üçün Rəbbinə bizə yerin bitirdiklərindən – tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından yetirməsi üçün dua et!" O dedi: "Siz xeyirli olan şeylərin daha dəyərsiz şeylərlə əvəz olunmasınımı istəyirsiniz? Şəhərə girin! Şübhəsiz ki, orada istədiyinizi taparsınız!" Onlara zəlillik və düşgünlük üz verdi və onlar Allahın qəzəbinə düçar oldular Bu cəza ona görə idi ki, onlar Allahın ayələrini inkar edirdilər və bəzi peyğəmbərləri haqsız yerə öldürürdülər Bu həm də onların asi olduqlarına və həddi aşdıqlarına görə idi.

62. Şübhəsiz ki, möminlərin, yəhudi, nəsrani və sabiilərdən Allaha və Axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.

63. Bir zaman sizdən əhd-peyman aldıq, dağı başınız üstünə qaldırdıq və buyurduq: "Sizə verdiyimizdən möhkəm yapışın və onun içindəkiləri yada salın ki, bəlkə Allahdan qorxasınız!"

64. Sonra bunun ardınca siz yenə üz döndərdiniz Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, ziyana uğrayanlardan olardınız.

65. Siz artıq içərinizdən şənbə günü həddi aşanları tanıyırsınız Biz də onlara: "Mənfur meymunlar olun!"– dedik.

66. Biz bunu onlarla bir dövrdə olanlar və onlardan sonra gələnlər üçün ibrət, müttəqilər üçün isə öyüd-nəsihət etdik.

67. Bir zaman Musa öz xalqına dedi: "Allah sizə bir inək kəsmənizi əmr edir!" Onlar: "Sən bizi ələ salırsan?"– dedilər Musa: "Cahil olmaqdan Allaha sığınıram!"– dedi.

68. Onlar dedilər: "Rəbbinə dua et ki, onun nə cür inək olduğunu bizə bildirsin!" Musa dedi: "Allah buyurur ki, o, nə çox qoca, nə də çox cavan, bunların ikisinin arasında olan orta yaşlı bir inəkdir Sizə nə əmr edilirsə, onu da yerinə yetirin!"

69. Onlar dedilər: "Rəbbinə dua et ki, onun rəngini də bizə bildirsin!" Musa dedi: "Allah buyurur ki, o, sarı rəngli parlaq bir inəkdir Ona baxanları sevindirir".

70. Onlar dedilər: "Rəbbinə dua et ki, onun nə cür inək olduğunu bizə bildirsin! Çünki bu inək bizə (başqa inəklərə) bənzər görünür Əgər Allah istəsə, biz düz yolda olarıq".

71. Musa dedi: "Allah buyurur ki, o, nə yer şumlamağa, nə də əkin suvarmağa ram edilməmiş bir inəkdir O, sağlamdır və onda heç bir ləkə-qüsur yoxdur" Onlar: "İndi sən əsl həqiqəti bildirdin!"– dedilər və onu kəsdilər Halbuki az qala bunu yerinə yetirməyəcəkdilər.

72. O zaman siz bir nəfəri öldürmüşdünüz və onun qatili barəsində mübahisə edirdiniz Allah isə sizin gizlətdiklərinizi aşkara çıxarar.

73. Biz dedik: "İnəyin bir parçasını ona (ölüyə) vurun!" Allah ölüləri bu cür dirildir və Öz ayələrini sizə göstərir ki, bəlkə anlayasınız.

74. Sonra bunun ardınca sizin qəlbləriniz sərtləşib daş kimi, hətta ondan da sərt oldu Həqiqətən, daşlardan eləsi var ki, içərisindən çaylar qaynayıb çıxar Onlardan eləsi də var ki, yarılar, içərisindən su çıxar Eləsi də var ki, Allahın qorxusundan yuvarlanıb yerə düşər Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir.

75. Siz yəhudilərin sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki onlardan bir zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər.

76. Onlar möminlərlə rastlaşanda: "Biz iman gətirdik!"– deyir, bir-birləri ilə xəlvətdə qalanda isə: "Allahın sizə bildirdiyini onlara danışırsınız ki, Rəbbinizin yanında bunu sizə qarşı dəlil gətirsinlər? Məgər başa düşmürsünüz?"– deyirlər.

77. Məgər onlar bilmirlər ki, Allah onların gizli saxladıqlarını və aşkara çıxartdıqlarını bilir?

78. Onların arasında Kitabı bilməyən elə savadsızlar vardır ki, onlar ancaq xülyalara dalar və ancaq zənnə uyarlar.

79. Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: "Bu, Allah tərəfindəndir!"– deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə vay onların halına!

80. Onlar dedilər: "Od bizə ancaq bir neçə gün toxunacaq!" De: "Məgər siz Allahdan əhd almışsınızmı? Allah verdiyi əhdə əsla xilaf çıxmaz! Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?"

81. Xeyr! Günah qazanan və xətaları özlərini bürüyən kimsələr – məhz onlar Od sakinləridir və orada əbədi qalacaqlar!

82. İman gətirib yaxşı işlər görənlər isə Cənnət sakinləridir Onlar orada əbədi qalacaqlar!

83.Bir zaman Biz İsrail oğulları ilə: "Allahdan qeyrisinə ibadət etməyəcək, valideynlərə, qohum-əqrəbaya, yetimlərə və kasıblara xeyirxahlıq edəcək, insanlara xoş söz deyəcək, namaz qılacaq və zəkat verəcəksiniz!"– deyə əhd bağladıq Sonra az bir qisminiz istisna olmaqla, haqdan üz çevirib döndünüz.

84. O zaman Biz sizinlə: "Bir-birinizin qanını tökməyəcəksiniz, bir-birinizi yurdlarınızdan çıxarmayacaqsınız!"– deyə əhd kəsdik Sonra da siz özünüz şahidlik edərək bu əhdi təsdiqlədiniz.

85. Siz o kəslərsiniz ki, bir-birinizi öldürürsünüz, özünüzdən olan bir dəstəni öz yurdundan çıxarırsınız, onlara qarşı pislik və düşmənçilik etməkdə bir-birinizə kömək edirsiniz Onlar əsir tutulub yanınıza gətiriləndə, fidyə verib onları azad edirsiniz Halbuki onları yurdlarından çıxartmaq sizə haram edilmişdi Yoxsa siz Kitabın bir qisminə inanıb, digər qismini inkarmı edirsiniz? Sizlərdən bunu edənin cəzası dünya həyatında rüsvay olmaq, Qiyamət günü isə ən şiddətli əzaba məhkum olmaqdır Allah sizin etdiklərinizdən bixəbər deyildir.

86. Onlar axirəti verib dünya həyatını satın aldılar Ona görə də onların nə əzabı yüngülləşdiriləcək, nə də onlara kömək göstəriləcəkdir.

87. Biz Musaya Kitab verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik Biz Məryəm oğlu İsaya da açıq-aydın dəlillər verdik və onu müqəddəs ruhla (Cəbrail ilə) qüvvətləndirdik Məgər hər dəfə sizə göndərilən elçi ürəyinizə yatmayan bir şey gətirəndə siz təkəbbür göstərmədinizmi? Onların bir qismini yalançı hesab edib, bir qismini də öldürmədinizmi?

88. Onlar dedilər: "Qəlblərimiz qapalıdır!" Xeyr, Allah onları məhz küfrlərinə görə lənətləmişdir Odur ki, onlar olduqca az inanırlar.

89. Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir Kitab (Quran) gəldikdə onu inkar etdilər Halbuki əvvəllər kafirlər üzərində qələbə diləyirdilər Onlara tanıdıqları peyğəmbər gəldikdə isə onu inkar etdilər Allah kafirlərə lənət etsin!

90. Allahın Öz qullarından istədiyi kimsəyə Öz lütfündən bəxş etməsinə həsəd aparmaq və Onun nazil etdiyini inkar etməklə nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir! Onlar Allahın onlara bəslədiyi qəzəbi daha da şiddətləndirdilər Kafirlərə alçaldıcı bir əzab vardır.

91. Onlara: "Allahın nazil etdiyinə inanın!"– deyildikdə, onlar: "Biz özümüzə nazil edilənə inanırıq"– deyib onun ardınca gələni inkar edirlər Halbuki Quran onların yanında olanı təsdiqləyən bir həqiqətdir De: "Əgər siz inanan idinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?"

92. Musa sizə açıq-aydın dəlillər gətirmişdi O getdikdən sonra siz buzovu ilahiləşdirib özünüzə zülm etdiniz.

93. O zaman Biz sizinlə əhd bağlayıb dağı başınızın üstünə qaldırdıq: "Sizə verdiyimizdən möhkəm yapışın və eşidin!"– deyə əmr etdik Onlar: "Eşitdik və asi olduq!"– dedilər Küfrlərinə görə buzova olan məhəbbət onların qəlblərinə yeridildi De: "Əgər siz möminsinizsə, imanınızın sizə əmr etdiyi şey necə də pisdir!"

94. De: "Əgər Allah yanında Axirət yurdu digər insanlara deyil, yalnız sizin üçün hazırlanıbsa və doğru deyirsinizsə, onda özünüzə ölüm diləyin!"

95. Onlar öz əllərinin etdiyinə görə bunu heç vaxt diləməzlər Allah zalımları tanıyır.

96. Sən onların həyatına bütün insanlardan, hətta müşriklərdən də daha həris olduqlarını görəcəksən Onlardan hər biri min il ömür sürməsini istər Halbuki uzun ömür belə onu əzabdan uzaqlaşdıra bilməz Allah onların nə etdiklərini görür.

97. De: "Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol göstərən və müjdə verən bir kitab kimi sənin qəlbinə o nazil etmişdir".

98. Kim Allaha, Onun mələklərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da o kafirlərə düşməndir.

99. Biz sənə aydın başa düşülən dəlillər nazil etdik ki, onları da yalnız fasiqlər inkar edərlər.

100. Onlar hər dəfə əhd bağladıqda içərilərindən bir dəstə onu pozmurmu? Həm də onların çoxu buna inanmır.

101. Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir elçi gəldikdə Kitab verilənlərdən bir dəstə guya həqiqəti bilmirmiş kimi Allahın Kitabına arxa çevirdilər.

102. Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Mələklər: "Biz ancaq bir sınağıq, sən gəl kafir olma!"– deməmiş onu heç kəsə öyrətmirdilər. Yəhudilər ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş bunu biləydilər!

103. Onlar iman gətirib Allahdan qorxsaydılar, Allahın verdiyi mükafat onlar üçün daha xeyirli olardı. Kaş bunu biləydilər!

104. Ey iman gətirənlər! Peyğəmbərə: "Bizə qayğı göstər!"– deməyin; "Bizə nəzər yetir!"– deyin və (Allahın əmrini) eşidin! Kafirləri ağrılı-acılı bir əzab gözləyir.

105. Nə Kitab əhlinin kafir olanları, nə də müşriklər sizə Rəbbinizdən bir xeyir nazil olmasını istəmirlər. Allah isə mərhəmətini istədiyi şəxsə məxsus edir. Allah böyük lütf sahibidir.

106. Biz hər hansı bir ayəni dəyişdirir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, və ya ona bənzərini gətiririk. Məgər bilmirsən ki, Allah hər şeyə qadirdir?

107. Bilmirsənmi ki, göylərdə və yerdə hökmranlıq təkcə Allaha məxsusdur? Sizin Allahdan başqa nə bir himayəçiniz, nə də bir köməkçiniz vardır.

108. Yoxsa bundan əvvəl Musadan tələb olunduğu kimi siz də Peyğəmbərinizdən möcüzə tələb etmək istəyirsiniz? İmanı küfrə dəyişən kəs, əlbəttə, doğru yoldan azmışdır.

109. Kitab əhlindən bir çoxu həqiqəti bildikdən sonra da, paxıllıqları üzündən sizi, siz iman gətirdikdən sonra kafirliyə qaytarmaq istəyərlər. Allah Öz əmri ilə gəlincəyə qədər onları bağışlayın və onlara baş qoşmayın. Həqiqətən, Allah hər şeyə qadirdir.

110. Namaz qılın, zəkat verin! Qabaqcadan özünüz üçün nə xeyir hazırlasanız onun əvəzini Allahın yanında tapacaqsanız. Şübhəsiz ki, Allah nə etdiklərinizi görür.

111. Onlar dedilər: "Yəhudilərdən və ya xaçpərəstlərdən başqa heç kəs Cənnətə daxil olmayacaq!" Bu onların xam xəyallarıdır. De: "Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!"

112. Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.

113. Yəhudilər: "Xaçpərəstlər heç bir şeyə əsaslanmırlar!"– deyir, xaçpərəstlər isə: "Yəhudilər heç bir şeyə əsaslanmırlar!"– deyirlər. Halbuki onlar Kitab oxuyandırlar. Cahillər də onların danışdığı kimi danışırlar. Allah ixtilafa düşdükləri şey barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir.

114. Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.

115. Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah hər şeyi Əhatəedəndir, Biləndir.

116. Onlar dedilər: "Allah Özünə övlad götürmüşdür!" Halbuki O, pakdır, müqəddəsdir! Həqiqətən, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Hər şey Ona baş əyir.

117. Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: "Ol!"– deyər, o da olar.

118. Cahillər dedilər: "Bəs nə üçün Allah bizi danışdırmır, yaxud bizə bir ayə gəlmir?" Onların əcdadları da elə onlar kimi danışırdılar. Onların qəlbləri bir-birinə oxşayır. Biz, yəqinliklə inanan bir xalqa dəlillərimizi bəyan etmişik.

119. Biz səni haqq ilə müjdələyən və xəbərdarlıq edən bir peyğəmbər göndərdik. Cəhənnəm sakinləri barəsində isə sən sorğu-sual olunmayacaqsan.

120. Sən onların dininə tabe olmayınca, nə yəhudilər, nə də xaçpərəstlər səndən razı qalmayacaqlar. De: "Yalnız Allahın haqq yolu doğru yoldur!" Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allahdan nə bir qoruyan, nə də bir xilas edən olar.

121. Kitab verdiyimiz kəslər onu layiqincə oxuyurlar. Onlar ona iman gətirənlərdir. Onu inkar edənlər isə ziyana uğrayanlardır.

122. Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və vaxtı ilə sizi aləmlərdən üstün etdiyimi xatırlayın.

123. Qorxun o gündən ki, o vaxt heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən bir fidyə qəbul edilməyəcək, heç kəsin şəfaəti fayda verməyəcək və onlara kömək göstərilməyəcək.

124. Rəbbi İbrahimi bəzi kəlmələrlə sınadığı zaman o, bunları tamamilə yerinə yetirdi. Allah: "Mən səni insanlara imam edəcəyəm!"– dedi. İbrahim: "Nəslimdən də (imam et)!"– dedi. Allah: "Zalımlar Mənim onlarla əhd bağlamağıma nail olmazlar!"– dedi.

125. Biz evi (Kəbəni) insanlar üçün ziyarət və əmin-amanlıq yeri etdik. "İbrahimin dayandığı yeri namazgah edin!" Biz İbrahimə və İsmailə: "Evimi təvaf edənlər, etikafa girənlər, rüku və səcdə edənlər üçün təmizləyin!"– dedik.

126. Bir zaman İbrahim dedi: "Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – hər növ məhsullardan ruzi ver!" Allah dedi: "Mən kafir olanlara bir qədər zövq almağa izin verərəm, sonra da onları Cəhənnəm əzabına giriftar edərəm. Ora necə də pis dönüş yeridir!"

127. O zaman İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini qaldırarkən belə dua etdilər: "Ey Rəbbimiz! Bunu bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən!

128. Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir ümmət et. Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən!

129. Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin və onları günahlardan təmizləsin! Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!"

130. Səfeh olanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Biz onu dünyada elçi seçdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdən olacaqdır.

131. Rəbbi ona: "Təslim ol!"– dedikdə, o: "Aləmlərin Rəbbinə təslim oldum!"– demişdi.

132. İbrahim də, Yaqub da bunu oğullarına vəsiyyət etdilər: "Ey oğullarım! Həqiqətən, Allah bu dini sizin üçün seçmişdir. Siz də ancaq müsəlman olaraq ölməlisiniz!"

133. Yoxsa siz Yaquba ölüm gəldikdə onun yanında idiniz? O zaman o, öz oğullarına dedi: "Məndən sonra nəyə ibadət edəcəksiniz?" Onlar dedilər: "Sənin İlahına, atalarının – İbrahimin, İsmailin və İshaqın İlahı olan Tək İlaha ibadət edəcəyik. Biz yalnız Ona təslim olanlarıq!"

134. Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri barədə sorğu-suala tutulmayacaqsınız.

135. Onlar dedilər: "Yəhudi və ya xaçpərəst olun ki, doğru yola yönələsiniz!" De: "Əksinə, biz hənif İbrahimin dinindəyik. O, müşriklərdən deyildi".

136. Deyin: "Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!"

137. Əgər onlar da siz iman gətirdiyinizə iman gətirsələr, doğru yola yönəlmiş olarlar. Yox, əgər üz döndərsələr, mütləq ixtilafa düşmüş olarlar. Onlardan qorunmaq üçün Allah sənə kifayət edər. O, Eşidəndir, Biləndir!

138. De: "Budur Allahın dini! Kimin dini Allahın dinindən daha doğru ola bilər? Biz yalnız Ona ibadət edənlərik!"

139. De: "Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki O, bizim də Rəbbimiz, sizin də Rəbbinizdir! Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Biz Ona sadiq olanlarıq!"

140. Yoxsa siz İbrahimin, İsmailin, İshaqın, Yaqubun və onun nəslinin yəhudi və yaxud xaçpərəst olduğunu deyirsiniz? De: "Siz daha yaxşı bilirsiniz, yoxsa Allah?" Allahın onlara nazil etdiyi şəhadəti gizlədən kimsələrdən daha zalım kim ola bilər? Allah sizin etdiklərinizdən xəbərsiz deyildir.

141. Onlar bir ümmət idi ki, gəlib getdi. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri barədə sorğu-sual olunmayacaqsınız.

142. Səfeh adamlar deyəcəklər: "Onları üz tutduqları qiblədən döndərən nə oldu?" De: "Məşriq də, məğrib də Allahındır. O, istədiyi kəsi doğru yola yönəldir!".

143. Beləliklə Biz sizi orta bir ümmət etdik ki, siz insanlara şahid olasınız, peyğəmbər də sizə şahid olsun. Biz, əvvəl üz tutduğun qibləni ancaq ona görə təyin etdik ki, peyğəmbərin ardınca gedənləri üz döndərənlərdən fərqləndirək. Bu, Allahın doğru yola yönəltdiyi şəxslərdən başqa hamısına ağır gəldi. Allah sizin imanınızı puç etməz. Həqiqətən də, Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir.

144. Biz sənin üzünün göyə tərəf çevrildiyini gördük və Biz səni razı qalacağın qibləyə tərəf döndərəcəyik. Sən üzünü Məscidulharama tərəf çevir! Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin! Şübhəsiz ki, Kitab verilənlər bunun öz Rəbbi tərəfindən gerçək olduğunu bilirlər. Allah onların etdiklərindən xəbərsiz deyildir.

145. Kitab verilənlərə hər cür dəlil gətirsən də, onlar sənin qiblənə üz tutmazlar. Sən də onların qibləsinə üz tutan deyilsən. Onlar özləri də bir-birlərinin qibləsinə üz tutan deyillər. Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, sən də zalımlardan olarsan.

146. Kitab verdiyimiz şəxslər onu (Peyğəmbəri və yaxud Kəbənin qiblə olduğunu) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən də, onlardan bir dəstə haqqı bilə-bilə gizlədir.

147. Haqq sənin Rəbbindəndir! Odur ki, şübhə edənlərdən olma!

148. Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Harada olursunuz olun Allah sizin hamınızı bir yerə toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.

149. Hara səfərə çıxsan, namaz qıldıqda üzünü Məscidulharama tərəf çevir! Çünki bu, sənin Rəbbindən gələn haqdır! Allah sizin etdiklərinizdən xəbərsiz deyildir.

150. Hara səfərə çıxsan, namaz qıldıqda üzünü Məscidulharama tərəf çevir! Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin ki, zalımlardan başqa heç kəsin sizə qarşı bir dəlili olmasın. Onlardan qorxmayın, Məndən qorxun ki, Mən də sizə olan nemətimi tamamlayım və bəlkə, siz doğru yola yönələsiniz.

151. Həmçinin öz içərinizdən ayələrimizi sizə oxuyan, sizi günahlardan təmizləyən, Kitabı və hikməti sizə öyrədən, habelə bilmədiklərinizi də sizə öyrədən bir Elçi göndərdik.

152. Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!

153. Ey iman gətirənlər! Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin. Həqiqətən, Allah səbir edənlərlədir!

154. Allah yolunda ölənlərə: "Ölüdürlər!" deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu duymursunuz.

155. Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver.

156. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"– deyirlər.

157. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır.

158. Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir. Kim evi (Kəbəni) həcc və ya ümrə niyyəti ilə ziyarət edərsə, bunları təvaf etməsində ona heç bir günah olmaz. Kim yaxşı bir iş görsə, bilsin ki, Allah şükrün əvəzini verəndir, Biləndir.

159. Kitabda insanlara bəyan etdiyimiz açıq-aydın dəlilləri və doğru yol göstərən ayələri nazil etdikdən sonra onları gizli saxlayanlara həm Allah lənət edir, həm də lənət edə bilənlər lənət oxuyurlar!

160. Yalnız tövbə edənlər əməllərini islah edənlər və haqqı bəyan edənlər istisnadır. Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, Rəhmliyəm!

161. Kafir olub kafir kimi də ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!

162. Onlar bu lənətin içərisində həmişəlik qalarlar. Onların əzabı yüngülləşdirilməyəcək və onlara möhlət də verilməyəcəkdir.

163. Sizin məbudunuz Tək olan İlahdır. Ondan başqa məbud yoxdur, Mərhəmətlidir, Rəhmlidir.

164. Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, Onun bütün heyvanatı yer üzünə yaymasında, küləklərin istiqamətinin dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır.

165. İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər.

166. O zaman, tabe olunmuş başçılar tabe olunanlardan uzaqlaşacaq, hamısı əzabı görəcək və aralarındakı əlaqələr kəsiləcəkdir.

167. Tabe olanlar deyəcəklər: "Əgər bizim üçün dünyaya dönüş olsaydı, indi onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq!" Beləcə, peşman olsunlar deyə Allah onlara özlərinin əməllərini göstərəcək və onlar heç vaxt Cəhənnəm odundan çıxa bilməyəcəklər.

168. Ey insanlar! Yerdə olan halal və təmiz ruzilərdən yeyin, şeytanın addım izləri ilə getməyin! O, sizin açıq-aşkar düşməninizdir.

169. O sizə pis və iyrənc işlər görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri söyləməyi əmr edir.

170. Onlara: "Allahın nazil etdiyinə tabe olun!"– deyildikdə, onlar: "Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!"– deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə?

171. Kafirlərin məsəli çığırtı və bağırtıdan başqa bir şey anlamayanları (heyvanları) haylayanın (çobanın) məsəlinə bənzəyir. Onlar kar, lal və kordurlar, haqqı anlamazlar.

172. Ey iman gətirənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!

173. O sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni haram etmişdir. Hər kəs harama meyl etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, bu ona günah hesab edilməz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.

174. Şübhəsiz ki, Allahın nazil etdiyi kitabda olanları gizli saxlayanlar və bununla cüzi miqdarda pul əldə edənlər öz qarınlarına oddan başqa bir şey doldurmurlar. Qiyamət günü Allah onları danışdırmaz və onları təmizə çıxarmaz. Onlar üçün ağrılı-acılı bir əzab vardır.

175. Onlar doğru yolun əvəzinə azğınlığı, bağışlanmanın isə əvəzinə əzabı satın alan şəxslərdir. Onlar Cəhənnəm oduna necə də səbirlidirlər!

176. Bu ona görədir ki, Allah kitabı haqq olaraq nazil etmişdir. Kitab barəsində ixtilaf edənlər isə, əlbəttə, haqdan uzaq bir ziddiyyət içindədirlər.

177. Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır.

178. Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə vacib edildi. Azad kəsə görə azad olandan, köləyə görə kölədən, qadına görə qadından qisas alın! Əgər qatil qardaşı (ölənin varisləri) tərəfindən (qanbahası müqabilində) bir şeylə əfv edilsə, onda insafla davranmalı və qanbahası ona müvafiq qaydada ödənilməlidir. Bu, Rəbbiniz tərəfindən bir yüngülləşdirmə və mərhəmətdir. Bundan sonra kim həddi aşsa, onun üçün ağrılı-acılı bir əzab vardır.

179. Qisasda sizin üçün həyat (əmin-amanlıq) vardır, ey ağıl sahibləri! Bəlkə Allahdan qorxasınız.

180. Sizlərdən birinə ölüm gəldiyi zaman qoyub gedəcəyi var-dövlətdən müvafiq qaydada valideynlərə və yaxın qohumlara vəsiyyət etməsi ona vacib edilmişdir. Bu, müttəqilər üçün bir borcdur.

181. Kim ölənin vəsiyyətini eşitdikdən sonra onu dəyişdirsə, günahı ancaq onu dəyişdirənlərin üzərinə düşər. Şübhəsiz ki, Allah Eşidəndir, Biləndir!

182. Kim də vəsiyyət edənin haqsızlıq etməsindən və ya günah işlətməsindən ehtiyat edib tərəflərin arasını düzəldərsə, ona heç bir günah olmaz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!

183. Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz.

184. Müəyyən sayda olan günləri oruc tutmalısınız. Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir.

185. İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdır. Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, istəyir ki, siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz.

186. Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər.

187. Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah bilir ki, siz özünüzə xəyanət edirsiniz (orucluq gecələrində zövcələrinizlə yaxınlıq edirsiniz). Elə buna görə də O, tövbənizi qəbul edib sizi bağışladı. Artıq bu gündən onlara yaxınlaşın və Allahın sizin üçün əzəldən müəyyən etdiyinə nail olmağa çalışın. Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allahın qoyduğu hüdudlarıdır, onlara yaxınlaşmayın! Allah Öz ayələrini insanlara belə bəyan edir ki, bəlkə Ondan qorxalar.

188. Mallarınızı öz aranızda haqsızlıqla yeməyin və camaatın malının bir qismini bilə-bilə günah yolu ilə yeyəsiniz deyə hakimləri ələ almağa çalışmayın.

189. Səndən yeni doğan aylar barəsində soruşurlar. De: "Bunlar insanlar və həcc üçün vaxt ölçüləridir". Evlərə arxa tərəfindən daxil olmağınız yaxşı əməl deyildir. Lakin yaxşı əməl sahibi Allahdan qorxan şəxsdir. Evlərə qapılarından daxil olun! Allahdan qorxun ki, bəlkə nicat tapasınız.

190. Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir.

191. Müşrikləri harada yaxalasanız öldürün və sizi çıxartdıqları yerdən siz də onları çıxardın! Fitnə qətldən daha pisdir. Onlar sizinlə Məscidulharamın yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın. Əgər sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası belədir.

192. Əgər onlar günah işlərə son qoysalar, əlbəttə ki, Allah Bağışlayandır, Rəhmlidir!

193. Fitnə aradan qalxana qədər və din ancaq Allaha məxsus edilənədək onlarla vuruşun! Əgər son qoysalar, bilin ki, düşmənçilik ancaq zalımlara qarşı olur.

194. Haram ay haram aya görədir. Haram olanları pozmağın cəzası qisas almaqdır. Kim sizə qarşı təcavüz etsə, siz də ona qarşı onun təcavüz etdiyi qədər təcavüz edin. Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir.

195. Malınızdan Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir.

196. Allah üçün həcc və ümrəni tam yerinə yetirin. Əgər sizin qarşınızı kəssələr, müyəssər olan bir qurbanlıq verin. Qurbanlıq öz yerinə çatana qədər başınızı qırxmayın. Sizlərdən xəstələnən və ya başındakı xəstəlikdən əziyyət çəkən varsa, fidyə olaraq ya oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir. Əmin-amanlıq içində olduğunuz təqdirdə ümrəni bitirib həccə qədər qadağan olunanlardan istifadə edən kəs asan başa gələn bir qurbanlıq verməlidir. Qurbanlıq tapmayanlar isə həcc əsnasında üç gün və vətəninə qayıtdıqda isə yeddi gün oruc tutmalıdır. Bu da tam on gün edir. Bu, ailəsi Məscidulharamda yaşamayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allah şiddətli cəza verəndir.

197. Həcc ziyarəti məlum olan aylardadır. Bu aylarda həcci yerinə yetirməyi niyyət edən kəs həcc ziyarəti əsnasında qadınıyla yaxınlıq etməməli, günah işlər görməməli və mübahisələrə qoşulmamalıdır. Sizin etdiyiniz yaxşılıqları Allah bilir. Özünüzlə azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!

198. Rəbbinizdən lütf diləmək (həcc vaxtı ticarət etmək) sizə günah deyildir. Ərəfatdan axışıb gəldikdə Məşərulharamda Allahı yada salın! Sizi doğru yola yönəltdiyinə görə Onu yad edin. Hərçənd ki, bundan əvvəl siz azmışlardan idiniz.

199. Sonra insanların axışıb gəldiyi yerdən siz də gəlin. Allahdan bağışlanmanızı diləyin. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.

200. Həcc mərasiminizi bitirdikdə vaxtilə atalarınızı yad etdiyiniz kimi, hətta bundan da artıq Allahı yad edin! İnsanlar arasında: "Ey Rəbbimiz! Bizə verəcəyini elə bu dünyada ver!"– deyənlər vardır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur.

201. Onlardan: "Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!"– deyənləri də vardır.

202. Belələri üçün qazandıqları əməllərə görə bir pay vardır. Allah tez haqq-hesab çəkəndir.

203. Sayı müəyyən olan günlərdə (zil-Hiccənin 11-i, 12-si və 13-ü) Allahı yad edin. Kim iki gün ərzində ziyarətini tamamlayıb geri qayıtsa, ona heç bir günah olmaz. Kim (13-cü günü Minada) yubanarsa, ona da heç bir günah olmaz. Bu, Allahdan qorxanlara aiddir. Allahdan qorxun və bilin ki, Onun hüzuruna toplanılacaqsınız.

204. İnsanların eləsi də var ki, onun bu dünya həyatında danışdığı sözlər səni heyran edər. O, qəlbində olana Allahı şahid göstərər. Əslində o, ən qatı mübahisəçidir.

205. O, dönüb getdikdə yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir.

206. Ona: "Allahdan qorx!"– deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır!

207. İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər. Allah Öz qullarına qarşı Şəfqətlidir.

208. Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir.

209. Sizə açıq-aydın dəlillər gəldikdən sonra haqq yoldan çıxsanız, bilin ki, Allah Qüdrətlidir, Müdrikdir.

210. Yoxsa onlar ancaq onu gözləyirlər ki, Allah bulud kölgəsində mələklərlə birlikdə gəlsin və iş bitmiş olsun? Bütün işlər Allaha qaytarılacaqdır.

211. İsrail oğullarından soruş ki, Biz onlara nə qədər aydın dəlillər göndərdik. Allahın nemətini əldə etdikdən sonra onu dəyişdirənlərə Allah şiddətli cəza verəcəkdir.

212. Dünya həyatı kafirlər üçün gözəlləşdirildi. Onlar iman gətirənləri məsxərəyə qoyurdular. Halbuki müttəqilər qiyamət günü onlardan üstün olacaqlar. Allah istədiyi kəsə hesabsız ruzi verər.

213. İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və qorxudan peyğəmbərlər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanlar arasında onların ixtilafa düşdükləri şeylərə dair hökm versin. Halbuki kitab verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Allah isə Öz icazəsi ilə iman gətirənləri ixtilafda olduqları məsələlərdə haqqa yönəltdi. Allah istədiyini düz yola yönəldər.

214. Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə kasıblıq və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: "Allahın köməyi nə vaxt gələcək?"– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır.

215. Səndən Allah yolunda nə verəcəklərini soruşurlar. De: "Verəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir".

216. Sizin xoşunuza gəlməsə də, cihad sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz.

217. Səndən haram ayında vuruşmaq barəsində soruşurlar. De: "Bu ayda vuruşmaq böyük günahdır. Lakin insanları Allah yolundan sapdırmaq, Onu inkar etmək, müsəlmanları Məscidulharama buraxmamaq və onun sakinlərini oradan çıxartmaq Allah yanında daha böyük günahdır. Fitnə isə qətldən də böyük günahdır". Kafirlər bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmaqdan əl çəkməyəcəklər. Sizlərdən hər kim dinindən dönüb kafir olaraq ölsə, onun əməlləri dünyada və axirətdə puça çıxar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.

218. Həqiqətən də, iman gətirənlər, hicrət edənlər və Allah yolunda cihad edənlər, Allahın mərhəmətinə ümid edirlər. Allah Bağışlayandır, Rəhmlidir.

219. Səndən sərxoşedici içki və qumar barəsində soruşurlar. De: "İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür". Səndən Allah yolunda nə xərcləyəcəklərini soruşurlar. De: "Ehtiyacınızdan artıq qalanını!" Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz –

220. dünya və axirət barəsində. Səndən yetimlər haqqında soruşurlar. De: "Onlara yaxşılıq etmək xeyirlidir. Əgər onları öz işinizə qatırsınızsa, bilin ki, onlar sizin qardaşlarınızdır". Allah fəsad törədəni yaxşılıq edəndən ayırd edir. Əgər Allah istəsəydi, əlbəttə, sizi çətin vəziyyətə salardı. Şübhəsiz ki, Allah Qüdrətlidir, Müdrikdir.

221. Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə mömin qadınları onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar.

222. Səndən heyz barəsində soruşurlar. De: "Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın". Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da.

223. Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın. Özünüz üçün qabaqcadan yaxşı işlər hazırlayın. Allahdan qorxun və bilin ki, siz Onunla qarşılaşacaqsınız. Möminləri müjdələ.

224. Andlarınıza görə Allahın adını, yaxşılıq etmənizə, Allahdan qorxmanıza və insanlar arasında sülh yaratmanıza dair bir maneəyə çevirməyin. Allah Eşidəndir, Biləndir!

225. Allah sizi qərəzsiz içdiyiniz andlara görə cəzalandırmaz, lakin O, sizi qəlbinizin qərəzinə (qəsdən içdiyiniz andlara) görə cəzalandıracaqdır. Allah Bağışlayandır, Həlimdir.

226. Qadınları ilə yaxınlıq etməməyi and içənlər üçün gözləmə müddəti dörd aydır. Əgər onlar fikirlərindən dönsələr, əlbəttə ki, Allah Bağışlayandır, Rəhmlidir.

227. Əgər onlar boşanmaq qərarına gəlsələr, şübhəsiz ki, Allah Eşidəndir, Biləndir!

228. Boşanmış qadınlar üç heyz müddəti gözləməlidirlər. Əgər Allaha və Axirət gününə iman gətirirlərsə, Allahın onların bətnində yaratdığını gizlətmək onlara halal olmaz. Əgər bu müddət ərzində onların ərləri barışmaq istəsələr, onları qaytarmağa daha çox haqlıdırlar. Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi onların da kişilər üzərində haqları vardır. Kişilərin onlar üzərində olan haqları isə bir dərəcə üstündür. Allah Qüdrətlidir, Müdrikdir.

229. Boşanma iki dəfə olar. Bundan sonra qadını şəriətə müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir. Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz. Yalnız hər ikisinin Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxması istisnadır. Əgər siz onların Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxsanız, qadının boşanmaq üçün bir şey əvəz verməsində ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hüdudlarıdır, onları aşmayın! Allahın hüdudlarını aşanlar – məhz onlar zalımlardır.

230. Əgər onu üçüncü dəfə boşayarsa, bundan sonra o qadın başqa bir kişiyə ərə getməyincə ona (əvvəlki ərinə) halal olmaz. Əgər sonrakı əri onu boşasa, Allahın hədlərini yerinə yetirəcəklərini güman etdikləri təqdirdə yenidən əlaqə qurmalarında ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hədləridir, onları anlayan adamlara bəyan edir.

231. Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti sona yetişdiyi zaman onları ya şəriətə müvafiq qayda üzrə saxlayın, ya da müvafiq qayda üzrə buraxın. Zərər vurmaq və təcavüz etmək məqsədilə onları saxlamayın. Kim bunu etsə, ancaq özünə zülm etmiş olar. Allahın ayələrini ələ salmayın. Allahın sizə olan nemətlərini, öyüd-nəsihət vermək üçün nazil etdiyi Kitab və hikməti yadınıza salın. Allahdan qorxun və bilin ki, Allah hər şeyi bilir.

232. Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman ərlə arvad şəriətə müvafiq qayda üzrə öz aralarında razılığa gələrsə, o qadınlara yenidən əvvəlki ərlərinə ərə getməyə mane olmayın. Bu sizlərdən Allaha və Axirət gününə iman gətirənlərə verilən bir öyüd-nəsihətdir. Bu sizin üçün daha yaxşı və daha pakdır. Allah bilir, siz isə bilmirsiniz.

233. Analar öz övladlarını tam iki il əmizdirsinlər. Bu, əmizdirməni tamamlamaq istəyənlər üçündür. Anaların yeməyi və geyimi şəriətə müvafiq qayda uşağın atasının üzərinə düşür. Heç kəs qüvvəsi çatdığından artıq yüklənməz. Nə anaya öz övladına görə, nə də ataya öz övladına görə zərər verilməməlidir. Bu vəzifə eynilə varisin üzərinə düşür. Əgər ata və ana özlərinin razılığı və məsləhəti ilə uşağı süddən kəsmək istəsələr, ikisinə də heç bir günah sayılmaz. Əgər siz uşaqlarınızı süd anasına əmizdirmək istəyirsinizsə və süd haqqını müvafiq qayda üzrə ödəsəniz, sizə heç bir günah olmaz. Allahdan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür.

234. Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr dörd ay on gün gözləməlidirlər. Onların gözləmə müddəti bitərkən şəriətə müvafiq qayda üzrə özləri barədə etdikləri işə görə sizə günah sayılmaz. Allah nə etdiklərinizdən xəbərdardır.

235. Qadınlara elçi göndərmək istəyinizi işarə ilə bildirməkdə və ya ürəyinizdə gizlətməkdə sizə heç bir günah yoxdur. Allah bilir ki, siz onları xatırlayacaqsınız. Lakin onlarla gizlicə vədələşməyin, onlara yalnız şəriətə müvafiq qayda üzrə söz deyin. Gözləmə vaxtı başa çatmayıncaya qədər nikah etmək qərarına gəlməyin. Bilin ki, Allah sizin qəlblərinizdə olanları bilir. Ondan qorxun! Bilin ki, Allah Bağışlayandır, Rəhmlidir!

236. Yaxınlıq etmədiyiniz və mehrini təyin etmədiyiniz qadınları boşasanız, sizə heç bir günah gəlməz. Onlara şəriətə müvafiq qayda üzrə pay verin. Varlı öz imkanına görə, kasıb da öz imkanına görə versin. Bu isə yaxşılıq edənlər üçün bir borcdur.

237. Qadınlar üçün mehr təyin etdikdən sonra, yaxınlıq etməzdən əvvəl onları boşasanız, təyin etdiyinizin yarısını onlara verməlisiniz. Qadınların bunu ərlərinə bağışlaması və ya əlində nikah müqaviləsi olanın bunu qadına bağışlaması isə istisnadır. Sizin bağışlamağınız təqvaya daha yaxındır. Bir-birinizə güzəşt etməyi unutmayın. Allah sizin nə etdiklərinizi görür.

238. Namazları və (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun.

239. Əgər nədənsə qorxsanız, namazınızı ayaq üstə və ya minik üzərində qılın. Təhlükə sovuşduqda isə Allahı, sizə bilmədiklərinizi necə öyrədibsə, o cür yad edin!

240. Sizlərdən ölən və özündən sonra zövcələr qoyub gedən kimsələr zövcələrinə bir ilin tamamınadək evlərindən çıxarılmamaq şərtilə baxılmasını vəsiyyət etməlidirlər. Əgər onlar öz istəkləri ilə çıxıb getsələr, şəriətə müvafiq qayda üzrə özləri barəsində etdiklərinə görə sizə günah gəlməz. Allah Qüdrətlidir, Müdrikdir.

241. Boşanmış qadınlara şəriətə müvafiq qayda üzrə yaxşılıq etmək lazımdır. Bu, müttəqilər üçün bir borcdur.

242. Allah Öz ayələrini sizə belə bəyan edir ki, bəlkə başa düşəsiniz.

243. Minlərlə adam olduqları halda ölüm qorxusundan yurdlarından çıxanları görmədinmi? Allah onlara: "Ölün!"– dedi. Sonra isə onları diriltdi. Doğrudan da, Allah insanlara qarşı lütfkardır, lakin insanların çoxu buna şükür etmir.

244. Allah yolunda vuruşun və bilin ki, Allah Eşidəndir, Biləndir!

245. Kim Allaha gözəl bir borc versə (malından Allah yolunda xərcləsə), O da onun üçün bunu qat-qat artırar? Allah kimisinin ruzisini azaldar, kimisinin ruzisini də artırar. Siz Ona qaytarılacaqsınız.

246. Musadan sonra İsrail oğullarından olan əyanların başına gələnləri bilmirsənmi? O zaman onlar öz peyğəmbərlərinə dedilər: "Bizə bir hökmdar təyin et ki, Allah yolunda vuruşaq!" O dedi: "Sizə vuruşma vacib edilsə, ola bilsin ki, vuruşmayasınız?" Onlar dedilər: "Madam ki, biz yurdumuzdan çıxarılmışıq və övladlarımızdan ayrılmışıq, onda nə üçün Allah yolunda vuruşmayaq?" Vuruşmaq onlara vacib edildikdə isə onlardan az bir qismi istisna olmaqla hamısı döyüşdən üz çevirdilər. Allah zalımları tanıyır.

247. Peyğəmbərləri onlara dedi: "Allah Talutu sizə hökmdar təyin etdi!" Onlar dedilər: "O necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik və ona heç böyük var-dövlət də verilməmişdir". O dedi: "Allah sizin üzərinizə onu hökmdar seçdi, elm və bədəncə onun gücünü artırdı. Allah Öz mülkünü istədiyi kəsə verir. Allah hər şeyi Əhatəedəndir, Biləndir".

248. Peyğəmbərləri onlara dedi: "Onun hökmdarlığının əlaməti sizə bir sandığın gəlməsidir. Onun içərisində Rəbbinizdən bir təskinlik, Musanın ailəsindən və Harunun ailəsindən qalan bəzi şeylər vardır. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə, bu sizin üçün bir dəlildir".

249. Talut qoşunla birlikdə döyüşə yola düşdükdə əsgərlərinə dedi: "Allah sizi bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir. Bir ovuc götürən istisna olmaqla, kim ondan dadmasa, o, məndəndir". Onların az bir qismi istisna olmaqla hamısı ondan su içdilər. Talut onunla olan möminlərlə birlikdə çayı keçdikdən sonra bəziləri dedilər: "Bu gün bizim Caluta və onun qoşununa gücümüz çatmayacaq". Allahla qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: "Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!" Allah səbir edənlərlədir.

250. Onlar Calutun və onun qoşununun qarşısına çıxdıqda dedilər: "Ey Rəbbimiz! Bizə səbir ver, qədəmlərimizi möhkəmlət və kafir qövmə qələbə çalmaqda bizə yardım et!"

251. Möminlər Allahın izni ilə onları darmadağın etdilər. Davud Calutu öldürdü. Allah ona hökmranlıq və hikmət verdi, ona istədiyini öyrətdi. Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, yer üzü fəsada uğrayardı. Lakin Allah aləmlərə qarşı lütfkardır.

252. Bunlar Allahın ayələridir. Biz onları sənə haqq olaraq oxuyuruq. Şübhəsiz ki, sən göndərilən elçilərdənsən.

253. Biz o elçilərin bəzisini digərlərindən üstün etdik. Onlardan bəzisi ilə Allah danışmış, bəzisini isə dərəcələrə yüksəltmişdir. Biz Məryəm oğlu İsaya açıq-aydın dəlillər verdik və onu müqəddəs Ruh (Cəbrail) ilə qüvvətləndirdik. Əgər Allah istəsəydi, onlardan sonra gələnlər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra bir-biriləri ilə vuruşmazdılar. Lakin onlar ixtilaf etdilər. Onlardan kimisi iman gətirdi, kimisi də inkar etdi. Əgər Allah istəsəydi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini edir.

254. Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin olmayacağı gün gəlməmişdən öncə sizə verdiyimiz ruzidən Allah yolunda xərcləyin! Kafirlər isə zalımdırlar.

255. Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur.

256. Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir.

257. Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.

258. Allahın verdiyi hakimiyyətə görə İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsin əhvalatını bilmirsənmi? İbrahim: "Mənim Rəbbim həm dirildir, həm də öldürür!"– dedikdə padşah: "Mən də həm dirildir, həm də öldürürəm!"– demişdi. İbrahim: "Allah günəşi məşriqdən gətirir. Sən də onu məğribdən gətir!"– dedikdə, o kafir çaşıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz.

259. Və ya damları uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin hekayətini bilmirsənmi? O demişdi: "Allah bu kəndi ölümündən sonra necə dirildəcək?" Allah onu öldürüb yüz il saxladı, sonra da dirildib dedi: "Nə qədər qaldın?" O dedi: "Bir gün yaxud bir gündən də az qaldım!" Allah dedi: "Əksinə, sən yüz il qaldın. Öz yeməyinə və içdiyin suya bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Biz səni insanlar üçün bir dəlil etdik. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük". Ona həqiqət bəlli olduqda: "Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!"– dedi.

260. Bir zaman İbrahim: "Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!"– dedi. Rəbbi ona: "Məgər sən inanmırsan?"– dedi. İbrahim dedi: "Əlbəttə inanıram! Amma istəyirəm ki, qəlbim rahat olsun". Allah buyurdu: "Quşlardan dördünü tut və onları özünə tərəf çəkib tikə-tikə et. Sonra hər dağın başına onlardan bir parça qoy, sonra da onları çağır, tez sənin yanına gələcəklər. Bil ki, Allah Qüdrətlidir, Müdrikdir!"

261. Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsənin mükafatını artırar. Allah hər şeyi Əhatəedəndir, Biləndir.

262. Mallarını Allah yolunda xərcləyənlərin və xərclədiklərinin ardından minnət qoymayan və əziyyət verməyənlərin, Rəbbi yanında mükafatları vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.

263. Xoş söz demək və xətaları bağışlamaq, minnətlə verilən sədəqədən daha yaxşıdır. Allah Zəngindir, Həlimdir.

264. Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz.

265. Mallarını Allahın razılığını qazanmaq və nəfslərini möhkəmləndirmək üçün xərcləyənlərin məsəli təpə üzərindəki bağın məsəlinə bənzəyir ki, ona şiddətli yağış düşdükdən sonra o öz bəhrəsini iki qat verər. Hərgah ona şiddətli yağış düşməzsə, narın yağış da bəs edər. Allah sizin nə etdiklərinizi görür.

266. Məgər sizlərdən biri istəyərmi ki, onun xurma ağaclarından və üzümlüklərdən ibarət, ağacları altından çaylar axan və içində də onun üçün hər cür meyvələr olan bir bağı olsun, sonra da ona qocalıq üz verdiyi zaman, özünün də o bağa möhtac olan uşaqları olduğu bir halda bu bağa odlu bir qasırğa düşüb onu yandırsın? Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz.

267. Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin yaxşısından Allah yolunda xərcləyin. Özünüzə verildiyi təqdirdə ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın. Bilin ki, Allah Zəngindir, Tərifəlayiqdir.

268. Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir. Allah hər şeyi Əhatəedəndir, Biləndir.

269. Allah istədiyi kəsə hikmət bəxş edir. Kimə hikmət verilmişsə, ona çoxlu xeyir nəsib edilmişdir. Bunu isə ancaq düşüncəli insanlar anlayarlar.

270. Xərclədiyinizi hər bir sədəqəni və verdiyiniz hər bir nəziri şübhəsiz ki, Allah bilir. Zalımların isə köməkçiləri olmaz.

271. Sədəqələri aşkarda verirsinizsə, bu çox gözəl. Əgər onu yoxsullara gizlində versəniz, bu sizin üçün daha yaxşı olar. Allah sizin bəzi günahlarınızdan keçər. Allah nə etdiklərinizdən xəbərdardır.

272. Onların doğru yola gəlməsi sənə aid deyildir. Yalnız Allah istədiyi şəxsi doğru yola yönəldir. Xərclədiyiniz hər bir sədəqə özünüz üçündür. Siz onu ancaq Allahın Üzünü dilədiyinizə görə sərf edirsiniz. Malınızdan Allah yolunda nə xərcləsəniz, əvəzi sizə tam verilər və sizə zülm edilməz.

273. Sədəqə Allah yolunda cihad edən və yer üzündə hərəkət edə bilməyən yoxsullar üçündür. Bu adamlar həya edib dilənmədiklərinə görə tanımayan adam onları varlı hesab edir. Sən onları üzlərindən tanıyırsan. Onlar insanlardan israrla bir şey istəməzlər. Şübhəsiz ki, Allah malınızdan nə sərf etdiyinizi bilir.

274. Mallarını gecə və gündüz, gizli və aşkar xərcləyənlərin öz Rəbbi yanında mükafatı vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.

275. Sələm yeyənlər qəbirlərindən şeytan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar. Bu onların: "Alış-veriş də sələmçilik kimidir!"– demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir. Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra sələmçiliyə son qoyarsa, olub-keçənlər ona bağışlanar və onun işi Allaha qalar. Sələmçiliyə qayıdanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar.

276. Allah sələmi puç edir, sədəqələri isə artırır. Allah kafirləri və günahkarları sevməz.

277. Həqiqətən, iman gətirib saleh əməllər edən, namaz qılan və zəkat verənləri Rəbbinin yanında mükafatlar gözləyir. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.

278. Ey iman gətirənlər. Allahdan qorxun və əgər möminsinizsə, sələmdən qalan faizi almayın.

279. Bunu etməsəniz, Allahın və Onun Elçisinin sizə müharibə elan etdiyini bilin. Yox, əgər tövbə etsəniz, sərmayəniz sizindir. Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar.

280. Əgər borclu olan adam ağır şərait içindədirsə, onun vəziyyəti düzələnə qədər ona möhlət verin. Bilin ki, borcu bağışlamaq sizin üçün daha xeyirlidir.

281. Allahın hüzuruna qaytarılacağınız gündən qorxun! Sonra hər kəsə qazandığının əvəzi büsbütün veriləcək və onlara zülm olunmayacaqdır.

282. Ey iman gətirənlər! Müəyyən bir müddətədək bir-birinizə borc verdikdə onu yazın. Qoy bunu aranızda bir katib ədalətlə qeyd etsin. Katib Allahın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmamalıdır. Qoy o yazsın, borc alan da (götürdüyü borcun miqdarını) yazdırsın, Rəbbi olan Allahdan qorxsun və borcdan heç nə əskiltməsin. Əgər borc alan ağıldan zəif və ya acizdirsə və yaxud özü yazdırmağa qadir deyilsə, qoy onun etibarlı yaxın adamı borcu ədalətlə yazdırsın. Aranızdakı kişilərdən iki nəfəri şahid tutun. Əgər iki kişi olmazsa, razı olduğunuz şahidlərdən bir kişi və iki qadını şahid tutun ki, qadınlardan biri unutduqda, o birisi onun yadına salsın. Şahidlər şahidlik etməyə çağırıldıqda boyun qaçırmasınlar. Az da olsa, çox da olsa, həmin məbləği və onun vaxtını yazmaqdan usanmayın. Bu, Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməyiniz üçün daha münasibdir. Yalnız aranızda gedən nağd ticarət istisnadır. Bunu yazmamağınız isə sizin üçün günah deyildir. Alver etdikdə şahid tutun. Amma katibə və şahidə zərər verilməməlidir. Əgər zərər yetirsəniz, şübhəsiz ki, bu, sizin üçün günahdır. Allahdan qorxun, Allah da sizi öyrətsin. Allah hər şeyi bilir.

283. Əgər səfərdə olsanız və katib tapmasanız, borc yiyəsinə saxlanılması üçün girov verin. Əgər sizlərdən biri digərinə etibar edibsə, qoy etibar olunmuş kimsə ona verilmiş borcu qaytarsın və Rəbbi olan Allahdan qorxsun. Şahidliyi gizlətməyin. Kim onu gizlədirsə, şübhəsiz ki, qəlbi günahkardır. Allah nə etdiklərinizi bilir.

284. Göylərdə və yerdə nə varsa, Allahındır. Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir.

285. Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: "Biz Onun elçiləri arasında fərq qoymuruq!" Onlar dedilər: "Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!"

286. Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir. "Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!"


Baxılıb: 22112


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”