Ana səhifə / Quran / 4. ən-Nisa

4. ən-Nisa

4. ən-Nisa

"Qadınlar" surəsi, 176 ayə,
Mədinədə nazil olub.

Mərhəmətli və Rəhmli Allahın adı ilə! 

 

1. Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir.

2. Yetimlərin mallarını özlərinə verin və yaxşını pis ilə dəyişməyin. Onların mallarını öz mallarınızla birlikdə yeməyin. Şübhəsiz ki, bu, böyük günahdır.

3. Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa, onda xoşunuza gələn halal qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər o qadınlarla ədalətlə dolanmayacağınızdan qorxursunuzsa, onda onlardan biri ilə və yaxud sahib olduğunuz cariyələrlə kifayətlənin. Bu, haqsızlıq etməməyə daha yaxındır.

4. Qadınlara öz mehrlərini könül xoşluğu ilə verin! Əgər onlar öz xoşları ilə bundan sizə bir pay versələr, onu nuşcanlıqla və halallıqla yeyin!

5. Dolanışığınız üçün Allahın sizə vasitə etdiyi mallarınızı ağılsızlara verməyin. Onlara o maldan yedirdib geyindirin və onlara yaxşı nəsihətlər verin.

6. Yetimləri yetkinlik yaşına çatdıqda onları imtahana çəkin. Əgər onların yetkinliyə çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın. Onlar böyüyüb mallarını məndən alacaqlar deyə o malı israfçılıqla, tələm-tələsik yeməyin. Varlı olan nəfsini saxlasın, yoxsul olan isə o maldan insafla yesin. Yetimlərin mallarını özlərinə qaytardığınız zaman onlara şahidlər tutun. Haqq-hesab çəkməyə Allah yetər.

7. Valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan kişilərə pay düşür; valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan qadınlara da pay düşür. Bu mal istər az olsun, istərsə də çox, onlar üçün müəyyən edilmiş bir paydır.

8. Əgər bölgü vaxtı orada qohumlar, yetimlər və kasıblar iştirak edərlərsə, onlara o maldan bir şey verin, özlərinə də xoş söz deyin.

9. Qoy özlərindən sonra zəif övladlar qoyub gedəcəkləri təqdirdə onlardan ötrü qorxan kəslər yetimlərdən ötrü də qorxsunlar. Qoy onlar Allahdan qorxsunlar və doğru söz söyləsinlər.

10. Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlər öz qarınlarına ancaq od doldururlar və onlar yandırıb-yaxan oda girəcəklər.

11. Allah övladlarınız haqqında sizə belə tövsiyə edir; kişiyə, iki qadının payı qədər pay düşür. Əgər övladların hamısı ikidən artıq sayda qadındırlarsa, vəfat edənin qoyub getdiyi malın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir qadındırsa, mirasın yarısı ona çatır. Əgər ölənin övladı varsa, onun valideynlərinin hər birinə qoyub getdiyi malının altıda bir hissəsi çatır. Əgər onun övladı yoxdursa, varisi də ancaq valideynləridirsə, onun anasına mirasının üçdə bir hissəsi düşür. Əgər ölənin qardaşları (və ya bacıları) varsa, onun anasına mirasının altıda bir hissəsi düşür. Bu bölgü ölənin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansının fayda baxımından sizə daha yaxın olduğunu siz bilmirsiniz. Bunlar Allah tərəfindən buyurulmuş fərz əməllərdir. Həqiqətən, Allah Biləndir, Müdrikdir.

12. Əgər vəfat etmiş zövcələrinizin övladı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra, qoyub getdikləri malın yarısı sizindir. Yox əgər onların övladı varsa, onda qoyub getdiklərinin dörddə bir hissəsi sizindir. Əgər sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra, qoyub getdiyiniz malın dörddə bir hissəsi zövcələrinizə çatır. Yox əgər övladınız varsa, onda qoyub getdiyiniz malın səkkizdə bir hissəsi onlara çatır. Əgər vəfat etmiş kişinin və ya qadının valideyni və övladı yoxdursa, eyni anadan bir qardaşı və ya bir bacısı varsa, onda onların hər birinə mirasın altıda bir hissəsi düşür. Əgər onlar sayca bundan artıq olsalar, mirasın üçdə birinə şərikdirlər. Bu bölgü, vərəsələrə zərər yetirməmək şərti ilə vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra aparılır. Bunlar Allah tərəfindən bir tövsiyədir. Allah Biləndir, Həlimdir.

13. Bunlar Allahın qoyduğu hüdudlarıdır. Kim Allaha və Onun Elçisinə itaət edərsə, Allah onu ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edər. Bu, böyük uğurdur.

14.Kim Allaha və Onun Elçisinə asi olub Onun hüdudlarını aşarsa, Allah onu içində əbədi qalacağı Cəhənnəm oduna vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır.

15.Zinakarlıq edən qadınlarınıza qarşı özünüzdən dörd şahid çağırın! Əgər onlar şahidlik etsələr, o qadınları, ölüm onların həyatına son qoyanadək və yaxud Allah onlar üçün bir yol açanadək evlərindən bayıra buraxmayın.

16. Aranızda belə yaramaz iş tutanların hər ikisinə əziyyət verin. Əgər tövbə edib əməllərini islah etsələr, onlardan əl çəkin. Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir.

17. Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah Biləndir, Müdrikdir.

18. Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: "Mən indi tövbə etdim!"– deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq.

19. Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. Qadınlar açıq-aşkar yaramaz bir iş görməyincə, onlara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdırmayın. Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun.

20. Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə yığın-yığın mal vermiş olsanız belə, heç bir şey geri almayın! Məgər verdiyinizi böhtan atmaq və açıq-aşkar günah işlətməkləmi geri alacaqsınız?

21. Onu necə geri ala bilərsiniz ki, siz bir-birinizlə yaxınlıq etmişdiniz və onlar da sizdən möhkəm əhd-peyman almışdılar?

22. Olub-keçənlər istisna olmaqla bundan sonra atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin. Həqiqətən, bu, iyrənc və qəzəb doğuran bir əməl və murdar bir yoldur.

23. Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir, öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.

24. Sahib olduğunuz cariyələr istisna olmaqla ərli qadınları almaq da sizə haram edildi. Allahın sizə buyurduğu hökmü belədir. Bunlardan başqaları ilə, öz malınızla, nikah etməklə, zinakarlığa yol vermədən, evlənməyiniz sizə halal edildi. Evləndiyiniz qadınlardan zövq aldığınıza görə onlara, vacib buyurulmuş mehrlərini verin. Bu mehr müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz. Həqiqətən, Allah Biləndir, Müdrikdir.

25. Sizlərdən hər kəs maddi imkanı olmadığına görə azad mömin qadınlarla evlənə bilmirsə, onda sahib olduğu mömin kənizlərdən alsın. Allah sizin imanınıza daha yaxşı bələddir. Siz bir-birinizdənsiniz. Bu kənizlər namusunu qoruyan, zinakarlıq etməyən və aşna saxlamayan qadınlardırsa, onlarla sahiblərinin icazəsi ilə evlənin və mehrlərini şəriətə müvafiq qaydada verin. Əgər ərə getdikdən sonra zina etsələr, onlara, azad qadınlara verilən cəzanın yarısı tətbiq edilər. Kənizlərlə evlənmək sıxıntıya düşməkdən və ya zina etməkdən qorxanlarınız üçündür. Amma səbirli olsanız, bu sizin üçün daha yaxşı olar. Allah Bağışlayandır, Rəhmlidir.

26. Allah sizə şəriət hökmlərini bəyan etmək, sizi özünüzdən əvvəlkilərin yollarına yönəltmək və tövbələrinizi qəbul etmək istəyir. Allah Biləndir, Müdrikdir.

27. Allah sizin tövbələrinizi qəbul etmək istədiyi halda, ehtiraslara qapılanlar sizi çox kənara meyl etməyə (haqdan uzaqlaşmağa) yönəldərlər.

28. Allah sizin üçün şəriət hökmlərini yüngülləşdirmək istəyir, çünki insan zəif yaradılmışdır.

29. Ey iman gətirənlər! Qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla mallarınızı öz aranızda haqsız yerə yeməyin və bir-birinizi məhv etməyin. Həqiqətən, Allah sizə qarşı Rəhmlidir.

30. Kim bu əməlləri düşmənçilik və zülm etməklə yerinə yetirərsə, Biz onu odda yandıracağıq. Bu da Allah üçün asandır.

31. Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin təqsirlərinizdən keçər və sizi şərəfli bir keçidə (Cənnətə) daxil edərik.

32. Allahın birinizi digərinizdən üstün etdiyi şeyə tamah salmayın. Kişilərin qazandıqlarından öz nəsibi, qadınların da qazandıqlarından öz nəsibi vardır. Allahdan, Onun lütfünü diləyin. Həqiqətən, Allah hər şeyi Biləndir.

33. Hər kəs üçün valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan öz paylarını alacaq varislər təyin etdik. Siz də əhd bağladığınız kəslərin də paylarını özlərinə verin. Həqiqətən, Allah hər şeyə Şahiddir.

34. Allahın onlardan birini digərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görə kişilər qadınlar üzərində himayəçidirlər. Əməlisaleh qadınlar Allaha itaət edər və qorunması lazım gələn şeyləri Allahın himayəsi sayəsində qoruyub saxlayarlar. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, yataqda onları tərk edin və onları döyün! Əgər sizə itaət etsələr, onlara əziyyət vermək üçün başqa yol axtarmayın. Həqiqətən, Allah Ucadır, Böyükdür.

35. Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar. Həqiqətən, Allah Biləndir, hər şeydən Xəbərdardır.

36. Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz kölə və kənizlərə yaxşılıq edin! Həqiqətən, Allah lovğalıq edənləri və özünü öyənləri sevmir.

37. O kəslər ki, xəsislik edir və insanları da xəsisliyə sövq etdirirlər, Allahın Öz lütfündən onlara verdiyini gizlədirlər. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq.

38. Və o kəsləri ki, öz mallarını insanlara göstərmək məqsədilə xərcləyir, Allaha və Axirət gününə inanmırlar. Kimin yoldaşı şeytandırsa, necə də pis yoldaşdır o!

39. Məgər onlar Allaha və Axirət gününə iman gətirib Allahın onlara verdiyi ruzidən Onun yolunda xərcləsəydilər, nə itirərdilər? Allah onların hər bir işini bilir.

40. Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər qulun gördüyü iş yaxşı əməl olarsa, Allah bunu artırar və Öz tərəfindən böyük mükafat verər.

41. Biz hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman onların halı necə olacaq?

42. Küfr edib Peyğəmbərə asi olanlar o gün yerin altına girməyi arzu edəcəklər. Onlar heç bir sözü Allahdan gizlədə bilməyəcəklər.

43. Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər və cinsi əlaqədən sonra natəmiz olduğunuz halda, – yolda olan müsafirlər istisna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlarla yaxınlıq etmisinizsə, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin, üzünüzə və əllərinizə sürtün! Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır.

44. Kitabdan özlərinə pay verilmiş kəsləri görmürsənmi ki, onlar azğınlığı satın alıblar və sizi də doğru yoldan azdırmaq istəyirlər?

45. Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Himayəçi olaraq Allah kifayət edər! Yardımçı olaraq Allah yetər!

46. Yəhudilərdən bəziləri kəlmələrin yerini dəyişdirir, dillərini əyərək və dinə tənə vuraraq: "Eşitdik və asi olduq!", "eşidilməyəni eşit!", "bizə qayğı göstər!"– deyirlər. Əgər onlar: "Eşitdik və itaət etdik!", "eşit!", "bizə nəzər yetir!"– desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah küfrlərinə görə onları lənətlədi. Onlar olduqca az inanırlar (yaxud onların yalnız az bir hissəsi iman gətirir).

47. Ey Kitab verilmişlər! Üzləri sıyırıb dümdüz edərək arxalarına çevirməmişdən, yaxud şənbə əhlini lənətlədiyimiz kimi onları da lənətləməmişdən öncə yanınızda olanı təsdiqləyici kimi nazil etdiyimizə (Qurana) iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir.

48. Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur.

49. Özlərini öyənləri görmürsənmi? Xeyr! Allah istədiyini tərifləyər və onlara xurma çərdəyindəki lif qədər haqsızlıq edilməz.

50. Bax, necə də Allaha qarşı yalan uydururlar. Bu, açıq-aşkar günah sayılmaq üçün kifayət edər!

51. Kitabdan pay verilmiş kəsləri görmədinmi? Özləri cibtə və tağuta inanmaqla yanaşı hələ bir kafirlər üçün də: "Bunlar möminlərdən daha doğru yoldadırlar"– deyirlər.

52. Onlar Allahın lənətlədiyi kəslərdir. Allah kimi lənətləyərsə, ona heç bir yardımçı tapmazsan.

53. Yoxsa hökmranlıqdan onların bir payı vardır? Elə olsaydı, onlar insanlara xurma çərdəyinin bir qırıntısını belə verməzdilər.

54. Yoxsa onlar Allahın Öz lütfündən insanlara verdiyi şeyə görə onlara həsəd aparırlar? Biz İbrahimin nəslinə də Kitab və hikmət bəxş etmiş və onlara böyük bir səltənət vermişdik.

55. Onlardan kimi Muhəmmədə iman gətirdi, kimi də ondan üz çevirdi. Yandırıb-yaxan od kimi Cəhənnəm onlara bəsdir.

56. Şübhəsiz ki, ayələrimizi inkar edənləri odda yandıracağıq. Hər dəfə onların dəriləri yandıqca, əzabı daim dadsınlar deyə, Biz o dəriləri başqa dərilərlə əvəz edəcəyik. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir.

57. İman gətirib saleh əməllər işləyənləri isə ağacları altından çaylar axan, içində əbədi məskunlaşacaqları Cənnət bağlarına daxil edəcəyik. Onlar üçün orada pak zövcələr vardır. Biz onları sıx kölgəliklərdə yerləşdirəcəyik.

58. Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir.

59. Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə şəriətə uyğun şəkildə itaət edin. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və Onun Elçisinə müraciət edin. Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.

60. Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta müraciət etmək istəyirlər. Halbuki onlara tağuta inanmamaq əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir.

61. Onlara: "Allahın nazil etdiyinə və Elçisinə tərəf gəlin!"– deyildikdə, münafiqlərin səndən nifrətlə üz çevirdiklərini görürsən.

62. Öz əlləri ilə törətdikləri əməllərə görə onlara müsibət üz verdikdən sonra sənin yanına gəlib: "Biz ancaq yaxşılıq etmək və mübahisə edənləri barışdırmaq istədik!"– deyə Allaha and içdikdə onların halı necə olacaq?

63. Onlar o kəslərdir ki, Allah onların qəlblərində olanı bilir. Elə isə onlardan üz döndər, onlara öyüd-nəsihət ver və özləri barədə onlara təsir göstərə biləcək söz söylə.

64. Biz hər bir elçini, Allahın izni ilə, ona məhz itaət edilsin deyə göndərdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və Rəhmli olduğunu görərdilər.

65. Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar.

66. Əgər Biz onlara: "Özünüzü (aranızdakı günahkarları) öldürün və yaxud yurdlarınızdan çıxın!"– deyə buyurmuş olsaydıq, içərilərindən çox azı bunu yerinə yetirərdi. Əgər onlar özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha mükəmməl olardı.

67. Onda Biz də onlara Öz tərəfimizdən böyük bir mükafat verər

68. və onları doğru yola yönəldərdik.

69. Allaha və Onun Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır.

70. Bu lütf Allahdandır. Bilən olaraq Allah kifayət edər.

71. Ey iman gətirənlər! Ehtiyatınızı əldən verməyin, düşmənə qarşı ya bölüklərlə, ya da hamınız birgə çıxın.

72. İçərinizdə elələri də var ki, cihada çıxdıqda özlərini yubandırar və sizə bir müsibət üz vermiş olduqda: "Allah mənə mərhəmət göstərdi ki, mən onlarla birlikdə bəlaya düçar olmadım"– deyər.

73. Əgər Allahdan sizə bir lütf yetişərsə, onda guya sizinlə onun arasında heç vaxt bağlılıq olmamış kimi: "Kaş mən də onlarla birlikdə olub böyük bir uğur qazanaydım!"– deyər.

74. Qoy dünya həyatını atıb axirəti satın alanlar Allah yolunda vuruşsunlar. Kim Allah yolunda vuruşub öldürülərsə və ya qalib gələrsə, Biz ona böyük bir mükafat verəcəyik.

75. Sizə nə olub ki, Allah yolunda və: "Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!"– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?

76. Möminlər Allah yolunda, kafirlər isə tağut yolunda vuruşurlar. Elə isə şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir.

77. Məgər sən, özlərinə: "Müharibədən əl çəkin, namaz qılın və zəkat verin!"– deyilən kəsləri görmədinmi? Onlara vuruşmaq vacib edildikdə, içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi və ya daha artıq qorxu ilə insanlardan qorxdular və: "Ey Rəbbimiz! Vuruşmağı nə üçün bizə vacib etdin? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!"– dedilər. De: "Dünyanın ləzzəti azdır. Müttəqilər üçün isə axirət daha xeyirlidir. Sizə xurma çərdəyindəki lif qədər belə haqsızlıq edilməz".

78. Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə. Onlara bir yaxşılıq üz verdikdə: "Bu, Allahdandır!"– deyər, bir pislik üz verdikdə isə: "Bu, səndəndir!"– deyərlər. De: "Hamısı Allahdandır!" Bu adamlara nə olub ki, az qala söz də anlamırlar?

79. Sənə gələn yaxşılıq Allahdandır, sənin başına gələn bəla isə sənin özündəndir. Biz səni insanlara elçi göndərdik. Şahid olaraq Allah kifayət edər.

80. Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar, kim üz çevirərsə, bil ki, Biz səni onlara gözətçi göndərməmişik.

81. Onlar: "İtaət edirik!"– deyirlər. Sənin yanından çıxıb getdikdə isə onların bir qismi gecələr bir yerə yığışıb sənin dediyinin əksinə tədbir görürlər. Allah onların gecələr nə tədbir gördüklərini yazır. Onlardan üz döndər və Allaha təvəkkül et! Qoruyan olaraq Allah yetər.

82. Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar.

83. Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, az bir qisminiz istisna olmaqla, hamınız şeytana uyardınız.

84. Sən Allah yolunda vuruş! Sən ancaq özünə cavabdehsən. Möminləri də döyüşə təşviq et! Ola bilsin ki, Allah kafirlərin qüvvəsinin qarşısını alsın. Allahın qüvvəsi daha çox, cəzası daha şiddətlidir.

85. Kim yaxşı bir işə vasitəçilik etsə, ona bunun savabından bir pay düşər, kim də pis bir işə vasitəçilik etsə, ona da onun günahdan bir pay düşər. Allah hər şeyi Qoruyandır.

86. Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya verilən salamı olduğu kimi qaytarın! Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir.

87. Özündən başqa məbud olmayan Allah, baş verəcəyinə şübhə edilməyən Qiyamət günü sizi mütləq bir yerə toplayacaqdır. Verdiyi xəbərdə Allahdan daha doğru söyləyən kim ola bilər?

88. Sizə nə oldu ki, münafiqlər barəsində iki dəstəyə ayrıldınız? Halbuki Allah onları etdikləri əməllərə görə geriyə qaytarmışdır. Siz Allahın azdırdığı kimsəni doğru yola yönəltməkmi istəyirsiniz? Allahın azdırdığı kimsə üçün heç bir yol tapa bilməzsən.

89. Onlar özləri küfr etdikləri kimi, sizin də küfr edib onlarla eyni olmanızı istəyərlər. Onlar Allah yolunda hicrət etməyincə onlardan özünüzə dost tutmayın. Əgər üz çevirsələr, onları harada görsəniz, tutub öldürün. Onlardan nə bir dost, nə də bir köməkçi tutun.

90. Ancaq sizinlə aralarında müqavilə olan bir camaata qoşulanlar, ya da sizinlə və ya öz camaatı ilə vuruşacaqlarından köksləri sıxıldığı üçün sizin yanınıza gələn kimsələr istisnadır. Əgər Allah istəsəydi, onları sizə qarşı qaldırardı və onlar da sizinlə vuruşardılar. Əgər onlar sizdən aralanıb geri çəkilsələr, sizinlə vuruşmasalar və sizə sülh təklif etsələr, Allah sizə onlara qarşı vuruşmanıza yol verməz.

91. Siz bir başqalarına da rast gələcəksiniz ki, onlar həm sizdən, həm də öz camaatından arxayın olmaq istəyərlər. Onlar hər dəfə fitnəyə qaytarıldıqda gözüyumulu ona qoşularlar. Əgər onlar sizdən aralanıb geri çəkilməsələr, sizə sülh təklif etməsələr və sizdən əl çəkməsələr, onlara harada rast gəlsəniz, tutub öldürün. Biz onlara qarşı sizə açıq-aydın dəlil verdik.

92. Xəta istisna olmaqla heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Hər kəs səhvən bir mömini öldürərsə, bir mömin kölə azad etməli və ölənin ailəsinə qanbahası verməlidir. Onların sədəqə verməsi (qatili əfv etməsi) isə istisnadır. Əgər o ölən kimsə, mömin olduğu halda, sizə düşmən olan bir camaatdandırsa, onda qatil mömin bir kölə azad etməlidir. Əgər o, sizinlə aralarında müqavilə olan bir camaatdandırsa, onda qatil onun ailəsinə qanbahası verməli və mömin bir kölə azad etməlidir. Bunları etməyə imkan tapa bilməyən kəs Allah tərəfindən tövbəsinin qəbul olması üçün iki ay ardıcıl oruc tutmalıdır. Allah Biləndir, Müdrikdir.

93. Hər kəs qəsdən bir mömini öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar.

94. Ey iman gətirənlər! Allah yolunda döyüşə çıxdığınız zaman kiminlə vuruşacağınızı yəqin edin və sizə salam verən şəxsə, dünya həyatının fani mənfəətinə can ataraq: "Sən mömin deyilsən!"– deməyin. Allah yanında çox qənimətlər vardır. Əvvəllər siz də belə idiniz, Allah sizə mərhəmət göstərdi. Odur ki, kiminlə vuruşacağınızı yəqin edin! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.

95. Möminlərdən – üzürlülər istisna olmaqla – evdə oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Allah öz malları və canları ilə cihad edənləri evdə oturanlardan dərəcə etibarilə üstün etdi. Allah onların hamısına ən gözəl nemət vəd etmişdir. Allah mücahidləri evdə oturanlardan böyük bir mükafatla üstün etmişdir.

96. Bu, Onun tərəfindən möminlərə nəsib olan dərəcələr, bağışlanma və mərhəmətdir. Allah Bağışlayandır, Rəhmlidir.

97. Mələklər özlərinə zülm edənlərin canlarını alarkən onlara: "Siz nə halda idiniz?"– deyəcəklər. Onlar: "Biz yer üzündə zəif insanlar idik!"– deyəcəklər. Mələklər də onlara: "Məgər Allahın torpağı o qədər geniş deyildimi ki, siz orada hicrət edəydiniz?"– deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. Ora nə pis dönüş yeridir.

98. Ancaq zülmə qarşı çarə tapmağa qadir olmayan və hicrət etməyə yol tapa bilməyən zəif kişi, qadın və uşaqlar istisnadır.

99. Ola bilsin ki, Allah onları əfv etsin. Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır.

100. Kim Allah üçün hicrət edərsə, yer üzündə çoxlu sığınacaq və bolluq tapar. Kim Allaha və Onun Elçisinə tərəf hicrət edərək evindən çıxdıqdan sonra da ölüm onu haqlayarsa, onun mükafatını Allah verər. Allah Bağışlayandır, Rəhmlidir.

101. Yer üzündə səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmanıza görə sizə günah gəlməz. Şübhəsiz ki, kafirlər sizin açıq-aydın düşmənlərinizdir.

102. Sən səhabələrinin arasında olub onlara namaz qıldırdığın zaman onların bir dəstəsi səninlə birlikdə namaza dursun, silahlarını da özləri ilə götürsünlər. Bunlar səcdə etdikləri zaman (birinci rükəti tamamlayanadək o biri dəstə) arxanızda olsun. Sonra namazını qılmamış digər dəstə gəlib səninlə birlikdə namaz qılsın, ehtiyatlarını tutsunlar və silahlarını da özləri ilə götürsünlər. Kafirlər istərdilər ki, siz silahlarınızdan və əşyalarınızdan xəbərsiz olasınız və onlar da sizin üzərinizə bircə dəfə hücum etsinlər (bir həmlədə sizi məğlub etsinlər). Əgər siz yağışdan əziyyət çəksəniz və ya xəstə olsanız silahlarınızı yerə qoymaq sizə günah deyildir, lakin ehtiyatınızı əldən verməyin. Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı bir əzab hazırlamışdır.

103. Namazı bitirdikdən sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edin. Təhlükə sizdən sovuşduqda isə, namazı lazımi qaydada qılın. Çünki namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir.

104. Kafir qövmü təqib etməkdə zəiflik göstərməyin. Əgər siz döyüşdə əziyyət çəkirsinizsə, onlar da siz əziyyət çəkdiyiniz kimi əziyyət çəkirlər. Lakin siz onların ummadıqlarını Allahdan umursunuz. Allah Biləndir, Müdrikdir.

105. Həqiqətən, Biz sənə Kitabı haqq olaraq nazil etdik ki, insanlar arasında Allahın sənə vəhy etdiyi ilə hökm verəsən. Odur ki, xainləri müdafiə edənlərdən olma.

106. Allahdan bağışlanma dilə! Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.

107. Özlərinə xəyanət edənlərdən ötrü mübahisə etmə. Şübhəsiz ki, Allah xəyanət edən günahkarı sevməz.

108. Onlar öz günahlarını insanlardan gizlədir, Allahdan isə gizlətmirlər (Ondan çəkinmirlər). Halbuki onlar Allahın razı qalmadığı sözləri gecələr xəlvətdə söylədikləri vaxt belə, O, onların yanında olur. Allah onların nə etdiklərini əhatə edir.

109. Bax, siz o kəslərsiniz ki, dünya həyatında onlardan ötrü mübahisə edirsiniz. Bəs Qiyamət günü onlardan ötrü Allahla kim mübahisə edəcək və yaxud onları kim qoruyacaq?

110. Kim pis bir iş görərsə və ya özü özünə zülm edərsə, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın Bağışlayan, Rəhmli olduğunu görər.

111. Kim günah qazanarsa, onu ancaq özünün əleyhinə qazanmış olar. Allah Biləndir, Müdrikdir.

112. Kim xəta edər və ya günah qazanarsa, sonra da onu təqsiri olmayanın boynuna atarsa, özü üzünə böhtan atmış və açıq aydın günaha batmış olar.

113. Əgər sənə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, onların bir qismi səni doğru yoldan azdırmaq niyyətində olacaqdı. Amma onlar özlərindən başqa heç kəsi azdıra bilməz və sənə də heç bir şeylə zərər vura bilməzlər. Allah sənə Kitabı və hikməti (Quranı və Sünnəni) nazil etdi və bilmədiyin şeyləri sənə öyrətdi. Allahın sənə olan lütfü böyükdür.

114. Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Sədəqə verməyi və ya yaxşılıq etməyi yaxud da insanlar arasında sülh yaratmağı əmr edən şəxsin pıçıldaması isə istisnadır. Kim bunu Allahın razılığını qazanmaq üçün edərsə, Biz ona böyük mükafat verərik.

115. Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir.

116. Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür.

117. Onlar Allahı qoyub, yalnız qadın adlarını daşıyan bütlərə yalvarır və yalnız üsyankar şeytana sitayiş edirlər.

118. Allah şeytana lənət etdi. O isə dedi: "Mən Sənin qullarından müəyyən bir qismini hökmən ələ alacağam.

119. Mən onları mütləq doğru yoldan azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm". Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır.

120. Şeytan onlara vədlər verir və onları xülyalara salır. Lakin şeytanın onlara verdiyi vədlər aldatmaqdan başqa bir şey deyildir.

121. Onların sığınacaqları yer Cəhənnəmdir. Onlar oradan xilas olmağa bir yol tapa bilməzlər.

122. İman gətirib saleh əməllər edənləri isə ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edəcəyik. Bu, Allahın gerçək vədi sayəsində olacaqdır. Sözündə Allahdan daha doğruçu kim ola bilər?

123. (Bu nemətə nail olmaq) nə sizin arzunuzla, nə də Kitab əhlinin arzusu ilədir. Pislik edən kəs, onun cəzasını alacaq və o, Allahdan başqa özünə nə bir himayədar, nə də bir yardımçı tapmayacaqdır.

124. Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz.

125. Yaxşı işlər görərək Allaha təslim olan və hənif olaraq İbrahim dininin ardınca gedən şəxsdən din baxımından daha gözəl kim ola bilər? Allah İbrahimi sevimli dost tutmuşdur.

126. Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi əhatə edir.

127. Səndən qadınlar barəsində hökm verməyini istəyirlər. De: "Onlar barəsində və həmçinin Kitabda sizə oxunan ayələrdə özlərinə müəyyən edilmiş mirası verməyərək evlənmək istədiyiniz yetim qızlar, zəif uşaqlar və yetimlərlə ədalətlə rəftar etməyiniz haqqında hökmü sizə Allah verir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir".

128. Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud ondan üz döndərməsindən qorxarsa, ər-arvadın öz aralarında barışığa gəlməsi onlara günah sayılmaz. Axı barışmaq daha xeyirlidir. Doğrusu, nəfslər xəsislik etməyə hazırdır. Əgər qadınlarla yaxşı davranıb Allahdan qorxsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır.

129. Siz nə qədər istəsəniz də, arvadlar arasında ədalətlə davrana bilməzsiniz. Birinə tamamilə meyl edib, digərini asılı vəziyyətdə qoymayın. Əgər özünüzü doğruldub Allahdan qorxsanız, bilin ki, Allah Bağışlayandır, Rəhmlidir.

130. Əgər ər-arvad ayrılsalar, Allah hər birini Öz lütfündən zəngin edər. Allah hər şeyi Əhatəedəndir, Müdrikdir.

131. Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Biz sizdən əvvəl Kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı buyurduq. Əgər Allahı inkar etsəniz, bilin ki, göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah Zəngindir, Tərifəlayiqdir.

132. Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Qoruyan olaraq Allah yetər.

133. Ey insanlar! Əgər Allah istəsə, sizi yox edib yerinizə başqalarını gətirər. Allah buna qadirdir.

134. Hər kəs dünya mükafatını istərsə, bilsin ki, dünyanın da, axirətin də mükafatı Allah yanındadır. Allah Eşidəndir, Görəndir.

135. Ey iman gətirənlər! Şahidliyiniz özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. Əleyhinə şahidlik edəcəyiniz şəxslərin varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Arzularınıza uyaraq haqdan uzaqlaşmayın! Əgər siz yalan danışsanız və ya həqiqəti deməkdən boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır.

136. Ey iman gətirənlər! Allaha, Onun Elçisinə və Elçisinə nazil etdiyi Kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allahı, Onun mələklərini, kitablarını, elçilərini və Axirət gününü inkar edən şəxs dərin bir azğınlığa düşmüşdür.

137. Şübhəsiz ki, iman gətirib sonra kafir olan, yenə iman gətirib sonra kafir olan, sonra da küfrlərini artıranları Allah bağışlamayacaq və doğru yola yönəltməyəcəkdir.

138. Münafiqlərə müjdə ver ki, onlar üçün ağrılı-acılı bir əzab vardır.

139. Möminləri qoyub kafirləri özlərinə dost tutanlar gücü və əzəməti onlardamı axtarırlar? Halbuki qüvvət və əzəmət tamamilə Allaha məxsusdur.

140. Allah Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman, günahkarlar başqa bir söhbətə keçməyincə onlarla bir yerdə oturmayın. Yoxsa siz də onların tayı olarsınız. Şübhəsiz ki, Allah bütün münafiqləri və kafirləri Cəhənnəmə toplayacaqdır.

141. Onlar sizə göz qoyurlar (gözləyirlər ki sizə bir bəla gəlsin). Əgər Allahdan sizə bir qələbə gəlsə: "Məgər biz də sizinlə deyildikmi?"– deyərlər. Əgər kafirlərə bir qələbə nəsib olsa: "Məgər biz möminlərlə birlikdə sizə qalib gələ bilməzdikmi, sizi möminlərdən qorumadıqmı?"– söyləyərlər. Qiyamət günü Allah sizin aranızda hökm verəcəkdir. Allah kafirlərə möminləri məğlub etməyə yol verməyəcəkdir.

142. Münafiqlər, həqiqətən də, Allahı aldatmağa çalışırlar. Halbuki Allah onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər.

143. Onlar imanla küfrün arasında tərəddüd edir, nə bunlara (möminlərə), nə də onlara (kafirlərə) tərəf olurlar. Allahın azdırdığı şəxs üçün heç bir yol tapa bilməzsən.

144. Ey iman gətirənlər! Möminləri qoyub kafirləri özünüzə dost tutmayın. Yoxsa Allaha öz əleyhinizə açıq-aydın bir dəlil verməkmi istəyirsiniz?

145. Həqiqətən, münafiqlər Odun ən aşağı təbəqəsində olacaqlar və sən onlara heç bir köməkçi tapa bilməzsən.

146. Tövbə edənlər, əməllərini islah edənlər, Allahdan möhkəm yapışanlar və öz dinlərini Allaha məxsus edənlər istisnadır. Bunlar möminlərlə birgə olacaqlar. Möminlərə isə Allah böyük mükafat verəcəkdir.

147. Şükür etsəniz və iman gətirsəniz, sizə əzab vermək Allahın nəyinə gərəkdir? Allah itaətkar qullarına təşəkkür edəndir, Biləndir.

148. Allah pis sözün ucadan deyilməsini sevmir. Ancaq zülm olunan kimsələr istisnadır. Allah Eşidəndir, Biləndir.

149. Əgər bir xeyri aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi bağışlasanız, bilin ki, Allah əfv edəndir, hər şeyə Qadirdir.

150. Allahı və Onun elçilərini inkar edənlər, Allahı Onun elçilərindən ayırmaq istəyib: "Biz o elçilərin bəzisinə inanır, bəzilərinə isə inanmırıq!"– deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər –

151. məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq.

152. Allaha və Onun elçilərinə iman gətirən və onlardan heç birinin arasında fərq qoymayanlara Allah öz mükafatlarını verəcəkdir. Allah Bağışlayandır, Rəhmlidir.

153. Kitab əhli səndən, onlara göydən bir kitab endirməyini istəyirlər. Onlar Musadan, bundan daha böyüyünü istəyərək: "Allahı bizə açıq-aşkar göstər!"– demişdilər. Haqsızlıqlarına görə onları ildırım vurmuşdu. Sonra onlara gələn açıq-aydın dəlillərin ardından buzovu məbud qəbul etdilər. Biz bunu da əfv etdik və Musaya açıq-aşkar dəlil verdik.

154. Biz onlarla bağladığımız əhdə görə dağı başları üzərinə qaldırdıq və onlara: "Qapıdan səcdə edərək daxil olun!"– dedik. Biz onlara: "Şənbə günü üçün qoyulmuş qadağanı pozmayın!"– dedik. Biz onlarla möhkəm bir əhd-peyman bağlamışdıq.

155. Onlar bağladıqları əhd-peymanı pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, peyğəmbərləri haqsız yerə öldürdüklərinə və: "Qəlblərimiz qapalıdır!"– demələrinə görə lənətə düçar edildilər. Xeyr, küfrləri üzündən Allah onların qəlblərini möhürləmişdir. Onlar olduqca az inanırlar (yaxud onların yalnız az bir hissəsi iman gətirir).

156. Onlar həm də küfr etdiklərinə və Məryəmə böyük bir böhtan dediklərinə görə,

157. bir də: "Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!"– dediklərinə görə lənətə düçar edildilər. Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq İsanın bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər.

158. Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır. Allah Qüdrətlidir, Müdrikdir.

159. Kitab əhlindən elə kimsə yoxdur ki, (öz ölümündən, yaxud İsanın) ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə İsa onların əleyhinə şahid olacaqdır.

160. Yəhudilərin etdikləri zülmə görə, onlara daha öncə halal edilmiş gözəl nemətləri haram etdik. Həm də bir çoxlarını (eləcə də özlərini) Allah yolundan döndərdiklərinə,

161. qadağan olunmasına baxmayaraq, sələm aldıqlarına və haqsız yerə insanların mallarını yediklərinə görə belə etdik. Biz onlardan olan kafirlər üçün ağrılı-acılı bir əzab hazırlamışıq.

162. Lakin onlardan elmdə qüvvətli olanlar və möminlər sənə nazil edilənə və səndən əvvəl nazil olanlara inanır, namaz qılır, zəkat verir, Allaha və Axirət gününə iman gətirirlər. Biz onlara böyük bir mükafat verəcəyik.

163. Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik.

164. Daha öncə bir qisim elçilər barəsində sənə söylədik, digər elçilər barəsində isə sənə heç nə söyləmədik. Və Allah Musa ilə sözlə (vasitəsiz) danışdı.

165. Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah Qüdrətlidir, Müdrikdir.

166. Fəqət Allah sənə nazil etdiyinə şahiddir. O, bu Quranı Öz elmi ilə nazil etmişdir. Mələklər də buna şahiddirlər. Şahid olaraq Allah kifayətdir.

167. Kafir olub insanları Allah yolundan sapdıran kimsələr dərin bir azğınlığa düşmüşlər.

168. Kafirləri və zalımları Allah bağışlamayacaq və doğru yola yönəltməyəcəkdir;

169. içərisində əbədi qalacaqları Cəhənnəm yolundan başqa. Bu isə Allah üçün asandır.

170. Ey insanlar! Peyğəmbər sizə Rəbbinizdən gələn haqqı çatdırdı. Ona iman gətirin! Bu sizin üçün xeyirli olar. Əgər onu inkar etsəniz, şübhəsiz ki, göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah Biləndir, Müdrikdir.

171. Ey Kitab əhli! Dininizdə ifrata varmayın və Allah barəsində yalnız həqiqəti deyin. Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi, Onun Məryəmə göndərdiyi "Ol!" kəlməsi və Onun tərəfindən göndərilən bir ruhdur. Allaha və Onun elçilərinə iman gətirin və: "Tanrı üçdür!" deməyin. Batil əqidənizə son qoyun! Bu sizin üçün xeyirli olar. Həqiqətən, Allah Tək İlahdır! O, pakdır, müqəddəsdir, övladı olmaqdan uzaqdır. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Qoruyan olaraq Allah yetər.

172. Nə İsa Məsih Allahın qulu olmağı özünə ar bilər, nə də Allaha yaxın olan mələklər. Allah Ona ibadət etməyi özlərinə ar bilənlərin və təkəbbürlük göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır.

173. İman gətirib xeyirxah işlər görənlərə gəldikdə isə, Allah onların mükafatlarını tam verəcək və Öz lütfündən onlar üçün istədiyi qədər artıracaqdır. Allaha ibadət etməyi özlərinə ar bilənləri və təkəbbürlük göstərənlərə gəlincə, Allah onları ağrılı-acılı bir əzaba düçar edəcəkdir. Onlar Allahdan başqa özlərinə nə bir himayədar, nə də bir yardımçı tapacaqlar.

174. Ey insanlar! Sizə Rəbbinizdən bir dəlil gəldi və Biz sizə parlaq bir nur (Quran) nazil etdik.

175. Allaha iman gətirən və Ondan möhkəm yapışan şəxsləri isə Allah Öz rəhməti və lütfünə qovuşduracaq və onları Özünə tərəf gedən düz yola yönəldəcəkdir.

176. Səndən fitva istəyirlər. De: "Valideyni və övladı olmayan kəsin mirası barəsində fitvanı sizə Allah verir". Əgər övladı olmayan şəxs öldükdə onun bacısı varsa, qoyub getdiyinin yarısı bacıya çatır. Əgər onun övladı yoxdursa, qardaşı ona varis olur. Əgər varislər iki bacıdırsa, ölən qardaşın qoyub getdiyinin üçdə iki hissəsi onlara çatır. Əgər varislər qardaş və bacılardırsa, kişiyə iki qadının payı qədər pay düşür. Allah bunu sizə bəyan edir ki, doğru yoldan çıxmayasınız. Allah hər şeyi bilir.


Baxılıb: 18806


Sıxıntı və kədəri aradan qaldıran 5 zikr

((لَا إِلَهَ إِلَّا اللهُ العَظِيمُ الحَلِيمُ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ العَرْشِ العَظِيمِ، لَا إِلَهَ إِلَّا اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ الأَرْضِ وَرَبُّ العَرْشِ الكَرِيمِ))

“ Lə İlahə illəllahul-Azimul-Həlim. Lə İlahə illəllahu Rabbul-Arşil-azım. Lə İlahə illəllahu Rabbus-səməvati va Rabbul-ardı va Rabul-arşil-kərim.”

“Əzəmətli və Həlim Allahdan başqa haqq məbud yoxdur! Əzəmətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur! Göylərin Rəbbi, yerin Rəbbi və kəramətli Ərşin Rəbbi Allahdan başqa haqq məbud yoxdur!”

(( اللهُ، اللهُ رَبِّي لَا أُشْرِكُ بِهِ شَيْئًا ))

“ Allahu Allahu Rabbi, lə uşriku bihi şeyə”

“Rəbbim Allahdır, Allah! Mən heç bir şeyi Ona şərik qoşmuram!”

(( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لَا إِلَهَ إِلَّا أَنْتَ ))

“Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə ayn va əslih li şəni kulləh, lə İləhə illə ənt.”

“Mərhəmətinlə kömək diləyirəm. Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Mənim bütün işlərimi yoluna qoy! Səndən başqa ibadətə layiq məbud yoxdur!”

(( لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنْ الظَّالِمِينَ ))

“ Lə İlahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin”

“Səndən başqa haqq məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!”

(( اللَّهُمَّ إِنِّي عَبْدُكَ وَابْنُ عَبْدِكَ وَابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ، مَاضٍ فيَّ حُكْمُكَ، عَدْلٌ فيَّ قَضَاؤُكَ ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ؛ سَمَّيْتَ بِهِ نَفْسَكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوْ أَنْزَلْتَهُ في كِتَابِكَ، أَوِ اسْتَأْثَرْتَ بِهِ في عِلْمِ الغَيْبِ عِنْدَكَ، أَنْ تَجْعَلَ القُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلَاءَ حُزْنِي، وَذَهَابَ هَمِّي ))

“Allahummə inni abduk, vəbnu abdik, vabnu əmətik, nəsiyətiy biyədik, madin fiyyə hukmuk, adlun fiyyə qadauk, əsəlukə bikulli-smin huvə ləkə, səmməytə bihi nəfsək, əv alləmtəhu əhədən min xalqik, əv ənzəltəhu fi kitabik, əv istəsərtə bihi fi ilmil-ğaybi indək, ən təcaləl-Quranə rabiə qalbiy, va nura sadriy, va cəlaə huzniy, va zəhabə həmmiy”

“Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Məni idarə etmək Sənin Əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et!”